Ağır çantalar uşaqları “ağlar günə” qoyub - TƏHLİL

Şagirdlərin ən ağır dərdini məktəb və valideynlər birgə çözməlidir

“Sinif otaqlarında hər şagirdə məxsus kilidli dolablar olmalıdır. Belə olduqda məktəbdə, dərs zamanı istifadə edilən əşyalar, vəsaitləri şagird evə aparıb gətirməli olmur”


Məktəbli çantalarının ağırlığının azalması, çantaların yüngülləşməsi hələ də həllini tapmayan problemdir. Bu səbəbdən də mövzu gündəmdən düşmür. Övladının beli bükülməsin deyə bu ağır yükü çiyninə alan valideynlərin əyilə-əyilə getdiyinə hər birimiz daim şahid oluruq. İctimai nəqliyyatda uşaqlara deyil, əlində məktəbli çantası daşıyan böyüklərə yer verilir daha. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məktəbli çantaları mövzusunu bir daha qabardıb. Sosial şəbəkədə içi dolu məktəbli çantasının fotosunu yerləşdirən M.Zeynalova yazıb: 

“Yaşa görə uşağın qaldırdığı yükün çəki normativi məktəblərə şamil olunurmu? Bu çanta 11 yaşlı uşağın qaldırdığıdı. Mənə elə gəlir təhsil ekspertləri məsələni gündəmə gətirməlidir. Azərbaycanda bizim dövrümüzdə skalioz, kifoz kimi xəstəliklər o qədər də tanınmırdı. 6 yaşından (indi 5 yaşından uşaq hazırlığa getmək məcburiyyətindədir – M.R.) başlayaraq 10 ay uşaq bu ağır yüklə məktəbə gedir. Uşağın formalaşmamış orqanları yükdən əyilir. Hamı məktəbə uşağını maşında aparmır ki... Əgər uşaqların sağlam inkişafından danışırıqsa, bu mövzu ciddi müzakirə edilməlidir. Dərs proqramlarının çətinliyi zehni gərginlik yaradırsa,  əlavə olaraq yaşına uyğun olmayan ağırlığı qaldırmaq, sözsüz ki, uşağı inkişafdan ləngidir. Yeri gəlmişkən, doğuşun azalması ilə bağlı müzakirələr aparılarkən bu aspekt unudulmamalıdır. Onurğa sütununun əyriliyi nəticəsində digər orqanları da zədələnmiş gəncin uşaq dünyaya gətirə bilməsi mümkünsüzləşir”.
İllərdir, məktəbli çantalarının ağırlığından, müəllimlərin şagirdlərə əlavə dərs vəsaitləri, çalışma dəftəri, test kitabçalarından istifadə etməyi tapşırmasından danışılır, amma bunun qarşısını almağa çarə tapılmır.    


Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ibtidai sinif şagirdlərinin məktəbli çantalarının ağırlığı barədə zaman-zaman kütləvi informasiya vasitələrində xəbərlər paylaşılır, problem gündəmə gətirilir: 

- Dünya təcrübəsinə baxdığımız zaman bir çox tədqiqatçıların araşdırmalarında xüsusilə uşaqların inkişaf dövründə məktəbli çantalarının 1.5-2.5 kiloqram ağırlığında olması qeyd edilir. Mütəxəssislər bildirir ki, məktəbli çantasının ağırlığı şagirdin bədən çəkisinin 5, maksimum 10 faizi qədərində olmalıdır. Məktəbli çantası elə formada olmalıdır ki, onurğa sütununda yükün bir nöqtəyə düşməməsinə xidmət etsin. Yəni ağırlıq bərabər paylanmış olsun. 
E.Süleymanov məktəbli çantasının ağırlığına səbəb olan amilləri açıqladı: 
- Ümumi olaraq qeyd etmək lazımdır ki, bəzən valideynlər şagirdin çantasına dərsliklərdən başqa əlavə vəsaitlər də yerləşdirirlər. Eyni zamanda son illərdə nəşr olunan dərsliklərin çap vərəqinin yüngül olmasına çalışılır ki, kitabların çəkisi də yüngül olsun. Dərsliklər üçün çap vərəqələri qalın olmamalıdır ki, dərslik də ağır olmasın. Dərsliklər yüngül olduqda çanta da yüngül olacaq. Məsələn, məktəbdə Valideyn Şurasının dəstəyi ilə hər şagirdə məxsus dolablar ola bilər, hər gün istifadə edilməyən kitablar, dəftərlər orada saxlansın, lazım gəldikdə istifadə edilsin. İnkişaf etmiş ölkələrdə bu təcrübə var. Sinif otaqlarında hər şagirdə məxsus kilidli dolablar olur, istifadə edilməyən vəsaitlər ora qoyulur. Belə olduqda məktəbdə, dərs zamanı istifadə edilən əşyalar, vəsaitləri şagird evə aparıb gətirməli olmur. Etiraf etmək lazımdır ki, orta məktəb dərsliyindən əlavə vəsaitlərdən tapşırıq verən, çalışma tapşıran müəllimlər var. Məlum deyil, bunu məktəb rəhbərliyimi tapşırır filan müəllifin dərsliyi alınsın, fənn o dərslikdən tədris olunsun, yoxsa müəllimlər “özfəaliyyət”lə məşğuldur? Məktəb dərsliyi, fənn üzrə əsas dərslik bütün mövzuları əhatə etməlidir ki, əlavə vəsaitlərə ehtiyac qalmasın. Çalışmalar, tapşırıqlar da əsas dərslikdən verilməlidir. Problem əlavə vəsaitlərin şagirdlərə tövsiyə edilməsidir. Valideyn də diqqət etməlidir, əlavə vəsaitləri çantaya yükləməməlidir.

E.Süleymanov bildirdi ki, müasir təhsil metodlarından biri dərsin məktəbdə öyrənilməsinin təmin edilməsidir: 

- Dərs məktəbdə öyrənilməlidir ki, şagirdin evdə istirahət etməyə vaxtı qalsın. İnkişaf etmiş ölkələrdə belədir. Şagird məktəbdən dərsini öyrənmiş, tapşırıqları həll etmiş çıxır, evə istirahət etməyə gedir. Bizdə isə şagirdlər evdə yalnız dərslərini öyrənməklə, çalışmaları həll etməklə məşğuldurlar. Uşağın istirahətə, əyləncəyə, oyunlara, valideynləri ilə asudə zaman keçirməsinə vaxt qalmır. Müasir təhsil metodu bundan ibarətdir ki, şagird dərs saatı bitdikdən sonra qidalanır, sonra da çalışmalara başlayır. Amma bizdə məktəblərin bir çoxu 2 növbəli olduğuna, şagird sıxlığı yaşandığına görə məktəblərdə dərsdən sonra şagirdin çalışmasına imkan yoxdur. Özəl məktəblərdə bu var. Ancaq bütün şagirdlər özəl məktəblərdə təhsil almır. Gələcəkdə şagird sayının optimallaşdırılması fonunda bu mümkün ola bilər.