Dərnəgül” deposunun tikintisinə artıq başlanılıb -RƏY

Yaxın beş il ərzində Bakıda 10 yeni metro stansiyasının tikilməsi planlaşdırılır

“Layihənin icrası dövründə - təxminən altı ay müddətində “yaşıl xətt”də, “Nizami” stansiyasından “28 May” stansiyasına qədər olan hissədə hərəkət dayandırılacaq”


Bakı Metropoliteninin “Dərnəgül” deposunun tikintisinə başlanılıb. Məlumatlarda bildirilir ki, “Dərnəgül”- “Həzi Aslanov” – “Həzi Aslanov”-“Dərnəgül” xətti – “yaşıl xətt” üzrə hərəkət edən qatarlar “Nizami” stansiyasınadək hərəkət edəcək. Tikinti işləri ilə əlaqədar 6 ay bu istiqamət bağlı qalacaq. Sərnişinlər “Nizami” də çıxıb “28 May” stansiyasına xüsusi avtobuslarla getməli olacaq, oradan da metro ilə yollarına davam edəcəklər. Hər iki tərəfdən “Nizami”-“28 may” istiqaməti bağlı olacaq.  

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, “yaşıl xətt”lə “qırmızı xətt”in ayrılması uzun illərdir mütəxəssislərin təklif etdiyi layihədir. Bu layihənin icrası nəticəsində metronun fəaliyyətinə indiyədək mənfi təsir göstərən “yaşıl xətt”lə “qırmızı xətt”in kəsişməsi aradan qaldırılacaq və bu da metronun fəaliyyətinə müsbət təsir göstərəcək, qatarlararası interval azalacaq, hər istiqamətin öz yolu, hərəkət qrafiki olacaq. Hazırkı vəziyyətdən fərqli olaraq xətlər kəsişməyəcək daha. Ekspert bildirdi ki, bu, sərnişinlərə bir müddət çətinlik yaratsa da, faydasını düşünərək anlayışla qarşılamalı və səbrli olmalıyıq: 
- “Dərnəgül” deposunun tikintisinə başlanılıb artıq. “Qırmızı xətt”lə “Yaşıl xətt”in ayrılması da bu layihənin tərkib hissəsidir. İlin sonuna kimi xətlərin ayrılmasına başlanacaq. Bilirsiniz ki, metronun “28 May” stansiyasında ciddi sərnişin sıxlığı müşahidə olunur. Bu problemi aradan qaldırmaq üçün xətlərin ayrılması layihəsinin icrası vacibdir. Xətlərin ayrılması layihəsi şəhər üçün çox vacibdir. Çünki bu layihə sərnişin axınının parçalanmasına gətirib çıxaracaq və hazırkı kritik vəziyyəti dəyişəcək. Ümumiyyətlə, dünya üzrə digər şəhərlərdə mövcud metropoliten sistemində fərqli xətlərin kəsişdiyi məntəqələrdə keçid stansiyaları qurulur. Bakıda isə bu işlər metronun inşa edildiyi gündən tam həyata keçirilməyib. Bakı metrosunda iki depo mövcuddur. Amma metroda üç xətt varsa, onların hər birinin ayrıca deposu olmalıdır. Bu da əlavə problem yaradır. Məsələn, “yaşıl xətt”də problem olarsa, bütün hərəkət dayandırılır və həmin qatar Nərimanov deposuna göndərilir. “Dərnəgül” deposunun tikilməsi layihəsi icra olunandan sonra bu tip risklər minimumlaşacaq. Layihə çərçivəsində “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikiləcək. Hazırda isə İçərişəhərə daxil olan qatar eyni xətt üzrə geri qayıdır, dairəvi hərəkət mümkün deyil. Dönmə kamerasının inşası qatarların dairəvi hərəkət etməsinə şərait yaradacaq və bu da birbaşa intervalın yaxşılaşdırılmasına təsir göstərəcək.

R.Ağamirzəyev qeyd etdi ki, layihənin icrası dövründə - təxminən altı ay müddətində “yaşıl xətt”də  “Nizami” stansiyasından “28 May” stansiyasına qədər olan hissədə hərəkət dayandırılacaq. “İçərişəhər”- “Həzi Aslanov” istiqaməti üzrə isə qatarların hərəkəti davam edəcək: 
- Bu müddət ərzində sərnişinlərin rahatlığının təmini məqsədilə “28 May” – “Nizami” istiqamətində “şatl” tipli avtobuslar təşkil olunacaq. Sərnişinlər “Nizami” stansiyasından çıxıb bu avtobuslar vasitəsilə “28 May” stansiyasına daşınacaq, oradan da metro vasitəsilə hər iki istiqamətə hərəkətlərini davam etdirəcəklər. Ola bilsin, sərnişindaşımada əlavə variantlar da icra olunacaq, bu haqda məlumat veriləcək. Metropolitenin inkişafı ilə bağlı təsdiq olunmuş Dövlət Proqramına əsasən, yaxın beş il ərzində Bakıda 10 yeni metro stansiyasının tikilməsi planlaşdırılır. “Bənövşəyi xətt”in şəhərin mərkəzinə çatdırılması və “Yaşıl xətt”in “Həzi Aslanov” – “Xətai” istiqamətində birləşdirilməsi də nəzərdə tutulur. Bu da şəhər mobilliyinə müsbət təsir edəcək.