46 illik cütlük evlilik ildönümündə birlikdə ürək əməliyyatı oldu

Xəstə qadın əməliyyata girərkən bir-birlərindən halallıq aldıqlarını deyib

Ər isə “onu heç vaxt tək buraxmadım, bundan sonra da buraxmayacağam” deyə bildirib

Çanaqqalada yaşayan Safinaz Ceylan (69) və Erhan Ceylan (79) cütlüyü 46-cı evlilik ildönümləri olan 6 apreldə Tekirdağ Namık Kemal Universiteti Tibb Fakültəsi Xəstəxanasında eyni vaxtda baypas əməliyyatı keçirib.

Cütlük ailə üzvlərinin tövsiyəsi ilə müayinəyə gedib və hər ikisinin ürək damarlarında ciddi tıxanıqlıq aşkar olunub. Həkimlərin qərarı ilə eyni gündə əməliyyat edilən ər-arvad uğurlu əməliyyatdan sonra eyni palatada yerləşdirilib.

Həkimlər əməliyyatın uğurla keçdiyini və cütlüyün sağlam şəkildə evə buraxılacağını bildirib.

Xəstə qadın Safinaz Ceylan əməliyyata girərkən bir-birlərindən halallıq aldıqlarını deyərək “çox duyğulu anlar yaşadıq” ifadəsini işlədib. Əri Erhan Ceylan isə “onu heç vaxt tək buraxmadım, bundan sonra da buraxmayacağam” deyib.

Cütlüyün qızı da valideynlərinin eyni gündə əməliyyat olunmasının həm çətin, həm də çox emosional olduğunu bildirib.