Cəmiyyətdə aqressiyanın artması faciələrə gətirib çıxarır - Psixoloq

Fərqanə Mehmanqızı: "İnsanlar arasında sevgi və mərhəmət azalır, fəlakətlər artır”

Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Dəhşətli hadisənin hansı səbəblərdən baş verməsi ehtimalına toxunan psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu gün cəmiyyətdə aqressiyanın artdığı görünür. İnsanların şəxsi həyatlarında, ailələrdə, ümumən cəmiyyətdə insanlar həm özlərinə, həm də ətrafa qarşı aqressiv davranırlar, bu da müxtəlif cinayət əməllərində, sui-sid və qətl hadisələrində özünü biruzə verir: 

- Cinayət nəticədir. Səbəblər insanın ruh halında, psixi durumunda, əhval-ruhiyyəsindən irəli gəlir. Bu gün psixiatrik xəstliklər çox yayılıb. Bunu etiraf etməliyik. Depressiyaya meyllilik var. Bu vəziyyət ciddi araşdırma tələb edir. Çünki səbəb alt qatda gizlənir. Niyə insanlar aqressivləşib, bir-birinə qarşı soyuq, mərhəmətsiz olurlar, qəddarlaşırlar. Bu, təkcə sosial proboemlərlə bağlı deyil. Zərərli vərdişlərə qurşanma da ola bilər, ətrafdan sevgi, mərhəmət görməmək də buna səbəb ola bilər. Bir insan ətrafındakılardan, ailə üzvlərindən, doğmalarından səmmiyət, sevgi görmürsə, müsbət enerji alımırsa, doğmalar, ailə üzvləri arasında möhkəm sevgi bağları yoxdursa, o insanların hər cür cinayətə, bəd əmələ əl atacaqlarını istisna edilməməlidir. İnsanlar arasında soyuqluq yaranıb, mərhəmət, empati hissi azalıb. Bu da fəlakətə gətirib çıxarır. İnsanın xislətində mərhəmət, sevgi, duyğu hissi olmadıqda o, robotlaşır. Ətrafımızda hər hansı problem varsa, yanaşma düzgün olmalıdır ki bu, dərin psixi xəstəliklərə yol açmasın. Fəlakətlərin ən böyük səbəbi sevgisizlikdir. İnsanlae bir-birinə diqqəti, qayğını artırsalar, bu cür faciələrin də sayı azalar. Cəmiyyətdə xoş əhval-ruiyyə yaranar, insanlar mehribanlaşar, bir-birinə yardım edərlər.