Ekspert: İşıqforlar şəxsi istəklə yox, ciddi təhlillərlə quraşdırılmalıdır

Bakının dərdləri azalmır ki, azalmır

Təhlil və monitorinqsiz qoyulan yol nişanları və işıqforlar qəzalara səbəb ola bilər

Paytaxtda “ağıllı” işıqforlar quraşdırılır. Bunlar kamera və sensorlu işıqforlardır. Bəzi küçə və prospektlərdə yeni tip işıqforların quraşdırılmasına başlanılıb və bu, sürücülər arasında maraq yaradıb. Yerli medianın məlumatına görə, işıqforların üzərindəki kamera və sensorlara bənzər qurğular əvvəlcə radar olaraq düşünülsə də, nəqliyyat sensoru və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir. Məlumata görə, onların əsas funksiyası işıqfor qarşısında neçə avtomobil dayandığını və zolaqlarda sıxlığı adaptiv bir şəkildə təyin etmək olacaq. Toplanan məlumat əsasında işıqforun fazaları tənzimlənəcək və avtomobil axını sıxlığa görə səmərəli idarə olunacaq. Beynəlxalq təcrübədə "vehicle detection camera" və ya "traffic monitoring sensor" kimi tanınan sistem artıq müxtəlif ölkələrdə də uğurla tətbiq edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bununla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyi gözlənilir.

Paytaxtda hər nə qədər işıqfor quraşdırılsa da, piyadalar üçün yeraltı və yerüstü keçidlər tikilsə də, yenə də nəqliyyat vasitələrinin intensiv hərəkətinin pozulduğu, piyada keçidləri ilə kəsişmələrin hərəkətə mane olduğu, sıxlıq və tıxac yarandığı görünür. Bunun qarşısını almaq məqsədilə işıqforların sayı və onların "ağıllı" (intellektual) sistemlə təchiz edilməsi artırılır. Bu yeni işıqforlarda kameralar və sensorlar var, bunlar nəqliyyat axınını ölçərək sıxlığa uyğun fasilələri avtomatik tənzimləyir və nəqliyyatın daha səmərəli idarə olunmasını təmin edir. Eyni zamanda, Azərbaycanda piyada işıqforları və keçidlərinin sayı da artırılmaqdadır, bu da piyadaların təhlükəsizliyi baxımından vacibdir. Kamera və sensorlu işıqforlar avtomobillərin sayını və zolaqdakı sıxlığı müəyyən edəcək və nəqliyyat axınına uyğun olaraq işıqfor vaxtları adaptiv şəkildə dəyişəcək, nəticədə sıxlıq azalacaq. Piyadaların təhlükəsizliyi üçün də işıqforların sayı artırılır, bəziləri səs siqnalı ilə də təchiz olunur. Bu addımlar nəqliyyatın idarə olunmasını yaxşılaşdıraraq sıxlıqları azaltmağı və piyadaların təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Amma paytaxtda elə ərazilər var ki, işıqforlar, əksinə, nəqliyyatın intensiv hərəkətinə mane olur, sıxlığı azaltmaq əvəzinə, artırır. “20 Yanvar” dairəsindən “Qələbə” meydanına çox az qalmış, Topçubaşov adına xəstəxananın qarşısınadək olan ərazidə quraşdırılmış işıqfor sayəsində avtomobillər yol kəsişməsində bir-birinə mane olurlar. Eləcə də Maştağa qəsəbəsində “Kanal” marketlə Çayçı adlanan ərazi arasında yolda quraşdırılmış işıqfor da hərəkəti tənzimləmir, əksinə, mane olur. İşıqforlar quraşdırılarkən hansı amillər nəzərə alınmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, hansı ərazilərdə qəza riski çoxdursa, mütəmadi qəzalar baş verirsə, piyadaların yolu keçməsində problem yaşanırsa, həmin ərazilərdə işıqfor quraşdırılmalıdır:

- İşıqforlar yolda hərəkəti tənzimləyən vacib elementdir. Olması lazımdır. Yol iştirakçılarının təhlükəsizliyinin qorunması, rahat hərəkətin təmin edilməsi, nəqliyyat axınının düzgün idarə olunması üçün vacibdir. Yol hərəkəti iştirakçılarına hansısa maneə yaranan ərazilər varsa, düşünürəm ki, müvafiq qurumlar mütəxəssislərlə bu vəziyyəti yerində araşdırmalı, monitorinqlər aparılmalı və qaydaların dəyişməsinin labüd olduğu təsdiqləndikdə hansısa işıqfor ləğv edilə, yol nişanlarında düzəlişlər edilməlidir. İşıqforlar və ya yol nişanları sürücülərin, ya da piyadaların şəxsi istəkləri əsasında qoyulmur. Bu, təhlillər əsasında həyata keçirilir və keçirilməlidir və bu zaman yolda nəqliyyatın sıxlığı, təkcə piyadaların deyil, ümumən yol-hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı nəzərə alınmalıdır.