Mayın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 36 ədəd patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Mülki insanlar qumbaranı, silah-sursatı hardan tapır?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, qanunsuz silah saxlanılması hallarını müharibə ilə əlaqələndirib. O hesab edir ki, vətəndaşlar qanunsuz silah sursat saxlamağın məsuliyyət yaratdığını bilib onu təhvil verməlidir:

"Qanunsuz silahların vətəndaşlar arasında yayılması, onların qeydiyyata alınmaması ciddi problemdir. Bu baxımdan, hüquq-mühafizə orqanlarının belə hallara qarşı mübarizəsi anlaşılan və təqdirəlayiqdir. Qanunsuz odlu silahların əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağandır və cinayət məsuliyyəti yaradır Evdə, iş yerində silah saxlamaq, avtomobildə, üzərində gəzdirmək yolverilməzdir. Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur”.
E.Nurəliyevin sözlərinə görə, rəsmi icazəli silah sahibləri də öz məsuliyyətini dərk etməlidir:
“Silahı evdə açıq-aşkar formada saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir. Silahı xüsusi metal qutuda saxlamaq lazımdır. Silahın saxlandığı seyfin qalınlığı 3 mm, kilidləri isə iki dənədən az olmamalı və silah evdə xüsusi ayrılmış yerdə və boş halda saxlanılmalıdır. Silah olan yerdə istiliyin, yanğına qarşı tez alışan, tez alovlanan maddələrin olmamasına diqqət edilməlidir. Silahın özü sahibi üçün əlavə məsuliyyət yaradır. Sizdə silahın olması pis niyyətli adamların öz əməllərini icra etmək üçün sizin evinizə qanunsuz daxil ola bilmək ehtimalı yaradar, özünüz və ailənizin təhlükəsizliyini təhdid altına atar. Ən başlıcası isə silah evdə uşağın əlinə keçə bilər və bədbəxt hadisəyə səbəb olar. Silahı mənzildə düzgün təhlükəsizlik qaydalarına uyğun formada saxlayarsa, heç bir bədbəxt hadisə baş verməz”.