Sovet dövründə tikilmiş və istismar müddəti başa çatan yaşayış binalarının yerində əsasən yeni parkların salınması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, istismar müddəti başa çatan binalarla bağlı dövlət tərəfindən müvafiq yenilənmə layihələri həyata keçirilir.
“Binalar da insanlar kimidir, onların da ömrünün başlanğıcı və sonu var”, – deyə E. Əzizov qeyd edib.
O bildirib ki, belə binaların sökülməsi zamanı sakinlərə qanunvericiliyə uyğun kompensasiya ödənilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, boşalan ərazilərdə əsasən yaşıllıq zonalarının və parkların yaradılması nəzərdə tutulur.
E. Əzizov əlavə edib ki, bu yanaşma şəhər mühitinin yaxşılaşdırılmasına və paytaxtda yaşıl məkanların artırılmasına xidmət edir.