Ən yaxşı həll yolu dilənməyi birdəfəlik qadağan etmək, küçələrdə dilənməyə kimsəyə icazə verməmək, dilənçiləri küçələrdən yığışdırmaqdır
Amma xüsusi bir sistem tətbiq olunmalıdır ki, belə şəxslərə hər hansı bir formada qayğı göstərilsin. İlk növbədə onlar işlə təmin olunmalıdırlar
Dilənçiliklə məşğul olanların cərimələnməsi və inzibati həbsi artıq hüquqi təsdiqini tapdı. Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddə dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq. 
Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dilənçiliyin aradan qaldırılması asan məsələ deyil:
- Bir qrup insan var ki həqiqətən də ağır xəstəlik keçirir, yaxud əlilldir, sosial vəziyyəti ağırdır, bəzisi işsizdir, dolan bilmir, bir hissə də var ki belə şəxsləri, həmçinin uşaqları diləndirən qruplardır, mafiyalardır. Və insanların mərhəmət hissindən sui-istifadə edərək, istismar edirlər. Ümumiyyətlə, dilənçilik bəyənilən deyil, xüsusən də ictimai yerlərdə icazə verilməməlidir. Xeyriyyə cəmiyyətləri var. Dövlət səviyyəsində müxtəlif sosial yardım paketləri həyata keçirilir. İmkanlı şəxslər var ki, çətin sosial durumda olanlara kömək edirlər. Dilənən şəxslərə də bu cür yardımlar göstərilməlidir.
Amma obyektiv araşdırma aparılmalıdır ki həqiqətən də bu insan ehtiyac içindədirmi? Bəzi dilənçilər var ki, günə 500-600 manat qazanırlar. Dilənməyi rahat biznesə çeviriblər. Saxta ah-vayla insanları o qədər aldadırlar ki, həqiqətən ehtiyacı olanlar da seçilmir artıq. Qurunun oduna yaş da yanır. Ona görə də, ən yaxşı həll yolu dilənməyi birdəfəlik qadağan etmək, küçələrdə dilənməyə kimsəyə icazə verməmək, dilənçiləri küçələrdən yığışdırmaqdır. Amma xüsusi bir sistem tətbiq olunmalıdır ki, belə şəxslərə hər hansı bir formada qayğı göstərilsin. İlk növbədə onlar işlə təmin olunmalıdırlar. Dövlət Məşğulluq Mərkəzinə bu cür şəxslərin işlə təmin edilməsi tapşırılmalıdır. Əgər şəxsin işləmək qabiliyyəti yoxdursa, fiziki imkanları məhduddursa, o zaman dövlət ona yaşayış minimumu qədər sosial müavinət ayırmalıdır, sosial yardım formasında.