Elə məmurlar var ki, təyin olunduqları rəhbər vəzifələr, ali statuslar, yüksək titullar həmin adamları qətiyyən mənfi yöndə dəyişdirmir. Dövlətçiliyin, xalqa xidmətin nə olduğunu yaxşı bilən o cür şəxslər vəzifədə nəinki camaatdan aralanır, bürokratlaşır, kobudlaşır, tam əksinə, daha da təvazökarlaşır, əhali ilə bütünləşir, gecəsini gündüzə qataraq, yorulmadan, usanmadan xalqın xidmətində dayanır. Tam əminliklə demək istəyirəm ki, Qazax rayonunun icra başçısı hörmətli Rəcəb Babaşov da məhz bu cür xarakterə sahib dövlət adamlardandır.
Mən Qazax rayonunun Çaylı kəndində anadan olmuşam. 1992-94-cü illərdə Qazax rayonunun müdafiəsində iştirak etmişəm, Birinci Qarabağ müharibəsi qazisiyəm. Bir qazaxlı kimi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yorulmaz və uğurlu fəaliyyətinin şahidiyəm. O səbəbdən Rəcəb müəllim haqqında yazmağı özümə vətəndaşlıq borcu bilirəm. Görülən yaxşı işləri və o əməlləri icra edən şəxsləri tanımaq, tanıtdırmaq lazımdır. Bu, həm də bizim üçün vicdan borcudur, bir vəfadır.
Rəcəb Babaşov Azərbaycanda azsaylı nümunəvi icra başçılarından biridir. Onun icra başçısı olduğu dövrdə Qazaxda çoxsaylı mühüm infrastruktur layihələri həyata keçirilib. Təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, yolların təmiri və yenidən qurulması bu işlərdən yalnız bir neçəsidir. Onun rəhbərliyi altında rayonda yeni məktəblər, uşaq bağçaları, səhiyyə mərkəzləri və digər sosial obyektlər tikilib, köhnəlmiş infrastruktur müasir tələblərə uyğun olaraq yenilənib. Bu addımlar rayonda yaşayan insanların həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib.
Rayonda nə qədər şəhid ailəsi varsa, Rəcəb müəllim daim onların yanında olub, hər zaman şəhid ailələri ilə maraqlanıb, onların hər hansı problemlə, çətinliklə üzləşməsinə imkan verməyib. Şəhidlərimizin dəfn mərasimlərində yağış-qar demədən iştirak edib, onların dərd-sərini paylaşıb, ağrı-acını öz içində yaşayıb. Rəcəb Babaşov Qarabağ müharibəsi qazilərindən də diqqət və qayğısını heç zaman əsirgəməyib.
Özüm hazırda Bakıda yaşasam da, hər dəfə Qazaxa gələndə rayonun gözəlləşdiyini, hərtərəfli inkişaf etdiyini görürəm və qürurlanıram. Rəcəb müəllim rayondakı iş adamlarına, sahibkarlara da dəstək verir, onların müraciətlərini dinləyir və problemlərini həll edir.
İcra başçısı Rəcəb Babaşovun əsas uğurlarından biri də yerli problemləri tez və effektiv şəkildə həll etməsidir. O, həm sosial, həm də iqtisadi sahələrdə yaranan çətinliklərə operativ yanaşır, vətəndaşların müraciətlərini diqqətlə dinləyir və mümkün olan ən qısa müddətdə həll yolları tapmağa çalışır. Məsələn, kənd təsərrüfatının inkişafı, su təminatı və elektrik şəbəkələrinin modernləşdirilməsi kimi məsələlərdə əhəmiyyətli işlər görülüb. Bu sahələrdə aparılan islahatlar rayon sakinlərinin gündəlik həyatını yaxşılaşdırıb, onların məmnuniyyətini artırıb.
Rəcəb Babaşovun kabinetdə oturduğunu görməmişik. Çünki kabinet adamı deyil, əsl iş, xidmət adamıdır. Ömrünü əhaliyə qulluq göstərməyə həsr etmiş bir adamdır. Səhər tezdən Qazaxın müxtəlif kənd və qəsəbələrini tez-tez ziyarət edərək, yerli sakinlərin problemlərini dinləyir, onların dərd-sərinə şərik çıxır, təkliflərini və şikayətlərini birbaşa yerində həll etməyə çalışır. Sakinlər onun səmimiyyətinə və əlçatanlığına böyük hörmət bəsləyirlər.
Hətta bəzən deyirəm ki, Rəcəb müəllim Qazaxda o qədər önəmli işlər görüb, yorulmadan insanların bütün problemlərini həll edib ki, sanki rayon onu bir qədər qocaldıb. O, Qazax rayonunun inkişafında çox mühüm rol oynayıb və sözün həqiqi mənasında rayonun tarixində iz qoyub. Qazax Rəcəb müəllimin rəhbərliyi altında Azərbaycanda örnək rayonlardan birinə çevrilib.
Rəcəb Babaşov yalnız idarəetmə bacarığı ilə deyil, həm də şəxsi keyfiyyətləri ilə seçilir. Həmişə səmimi, dürüst və prinsipial bir şəxsiyyət kimi tanınır. İnsanlar onun qeyri-rəsmi ünsiyyətini və özünəxas rəhbərlik tərzini çox bəyənir.
Şəxsən Qarabağ qazisi kimi öz adımdan, bütün rayon sakinləri adından dəyərli icra başçımıza, Rəcəb müəllimə çox dərin təşəkkürümüzü, minnətdarlığımızı, sayğımızı bildiririk. Qazax camaatı olaraq ona minnətdarıq. Nə qədər ömrüm var, ona dua edəcəm. Allah onu qorusun!
Abil Qurbanov,
Birinci Qarabağ müharibəsi qazisi