Qanunlara riayət etmək hər bir vətəndaşın vəzifəsidir, borcudur
Paytaxtda səs-küy salan şəxslər inzibati məsuliyyətə cəlb edilib. Binə qəsəbəsi ərazisində yerləşən “Səda” şadlıq sarayında içki qəbul etməsi nəticəsində sərxoş olaraq ucadan nalayiq ifadələr işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Həmin şəxs Xəzər Rayon Məhkəməsinin qərarı ilə 50 manat məbləğində inzibati qaydada cərimə edilib. O, məhkəmə iclas zalından azad edilib. Digər hadisə isə Xırdalan şəhərində parkda baş verib. Yanvarın 6-da gecə saat 2 radələrində Heydər Əliyev parkında Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Vüsal Babayev (ad-soyad şərtidir) dostları ilə ucadan danışıb, dava ediblər. O, polis əməkdaşının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmayıb.
V.Babayev izahatında bunları təkzib etsə də, faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol yazılıb. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, ötən il Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunub. Layihəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək. Hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir. Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. O zaman vətəndaşlar daha diqqətli olmağa, başqalarının dincliyini pozmamağa səy göstərməli olacaqlar.
Hüquqşünas Mehman Muradlı “Sherg.az”a açıqlamasında bildirdi ki, hər bir vətəndaşın hüquqları olduğu kimi, vəzifələri də var və heç kim bunu yaddan çıxarmamalıdır:
- Xırdalan şəhərində parkda baş vermis hadisə zamanı böyük ehtimalla hüquq-mühafizə orqanlarına itaətsizlik edilib, bu, polisə tabesizlikdir. Ona görə də həmin şəxs 8 gün müddətinə inzibatı qaydada həbs edilib. Şadlıq sarayında baş vermiş hadisədə isə vətəndaşa yüngül cəza verilib. Məsələyə ictimai məzmun baxımından yanaşsaq, bu, cəmiyyətdir. Cəmiyyətdə hər cür insan var. Biri dalaşqandır, kobuddur, bir başqası sakit, qanun-qaydanı nəzərə alan... Qanunlar ona görə nəzərdə tutulur ki, nizam-intizam olsun. Qanunları pozanlar dərəcəsindən asılı olaraq həm inzibati qaydada, həm də Cinayət Məcəlləsinin maddələri ilə məsuliyyətə cəlb oluna bilər. Qanunlara riayət edilməlidir. Eyni zamanda insanların hüquqları da nəzərə alınmalıdır. Kimə deyə bilərsən ki niyə qışqırırsan?! Əlbəttə, əgər bu qışqırıq, səs-küy başqasının rahatlığını pozmursa, ictimai yerdə baş vermirsə. Bir var, hüquq, bir də var vəzifə. Kiminsə qışqırmamaq kimi bir vəzifəsi yoxdur. Amma qanunlara riayət etmək hər bir vətəndaşın vəzifəsidir, borcudur. Vətəndaşların hüquqları olduğu kimi, hüquqları qorunduğu kimi, ictimai qaydalar da qorunmalı, vətəndaşların dincliyinin, istirahətinin pozulmasına yol verilməməlidir. İnsan bəzən özünə hər cür hüququ tanıyır, istədiyi kimi hərəkət etmək, davranmaq istəyir. Amma nəzərə almalıdır ki, onun davranışı ətrafdakıları narahat edirmi? Narahat edirsə, bu, artıq vəzifələrin gözardı edilməsidir. Cəmiyyətdə insanların bir-birinə münasibətləri tənzimlənməlidir.