Milli Qəhrəman Şahin Tağıyev Vətəndə dəfn olunacaq - Gəlini xəbər verib

Qarabağ müharibəsinin iştirakçısı, Milli Qəhrəman Şahin Tağıyev Vətəndə dəfn olunacaq. Bu haqda hüquqşünas Aslan İsmayılov məlumat paylaşıb. A.İsmayılov qeyd edib ki, Ş.Tağıyevin gəlini Nigar xanım Tağıyeva ilə əlaqə saxlayıb. N. Tağıyevanın bildirdiyinə görə Azərbaycan Diaspora Komitəsi Şahin Tağıyevin nəşinin ölkəyə gətirilməsi üçün lazım olan tədbirləri görür. Sadəcə, bu proses çox mürəkkəb olduğundan və bayram günlərinə düşdüyündən obyektiv gecikmələr var. 

Xatırladaq ki, Şahin Tağıyev uzun illərdir İsveçin Malmö şəhərində mühacirət həyatı yaşayırdı. Ömrünün son illərini isə “Qocalar evi”ndə keçirib. “Qocalar evi”nin şəraiti şox yaxşı olduğundan orada qalıb. Uzun sürən xəstəlikdən sonra 29 dekabr 2025-ci ildə dünyasını dəyişib. 

Əslən Şuşalı olan Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlayıb, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Şahin Tağıyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ş. Tağıyev bu ada layiq görülən ilk 4 nəfərdən biri idi.  

Allah rəhmət eləsin!