Milli Qəhrəmanın qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi

"Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev haqqında mediada yanlış məlumatlar yayılır. Onun İsveçdə qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlər doğru deyil".

Teleqraf xəbər verir ki, bunu Milli Qəhrəmanın dostu Ələsgər Rüstəmov vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"O, Stokholmda reabilitasiya mərkəzində müalicə alırdı. Qocalar evində olmayıb. Həmin reabilitasiya mərkəzi isə ödənişli idi, oraya pul ödənilməsə onu 1 gün belə saxalamazdılar. Amma övladları ödəniş edib onun orada müalicə almasını təmin edirdilər. Şahin Tağıyev uzun müddət insultdan əziyyət çəkib", - o əlavə edib.

Xatırladaq ki, Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib.

1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.

O, ötən il dekabrın 29-da uzun sürən xəstəlikdən sonra vəfat edib.