Müəllim bağışlasa da, bu əməl cəzasız qalmamalıdır - Sosioloq

  • Naib Niftəliyev: "Ortada cinayət var, müəllim həyatını da itirə bilərdi"

“İdrak” liseyində baş vermiş məlum faciəli hadisə zamanı zərərçəkmiş müəllimin ona atəş açmış şagirdi bağışlaması müzakirələrə səbəb olub. Bəziləri hesab edir ki, bu, müəllim tərəfindən atılan humanist addımdır. Müəllim şagirdin yeniyetmə olmasını, gələcəyini nəzərə alaraq onu cəza çəkməkdən azad edib.

Lakin fərqli yanaşma sərgiləyənlər belə bir addımın digərləri üçün, əksinə, pis president yarada biləcəyini, cəzasızlığa səbəb olacağını bildirirlər.

Sosioloq Naib Niftəliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, bağışlamaq böyüklük əlamətidir. Müəllim şagirdinin xüsusən bu cür amansız rəftarını bağışlayırsa, bu, müəyyən mənada başadüşüləndir. Humanistlik hər bir insana xas olan xüsusiyyətdir. O halda bağışlamaq olar ki, insan öz səhvini başa düşür və bir daha təkrarlamamağa çalışır. Günahını yuyacaq hərəkətlər edir və sən əmin olursan ki, bir daha bu hərəkət təkrarlanmayacaq, bağışlamaq olar: 

- Müəllimə yəqin ki, şagirdin yaşını, yeniyetmə olduğunu, həyat təcrübəsinin az olduğunu nəzərə alaraq etik və humanista davranıb. Amma bu, istənilən halda qarşı tərəfi məsuliyyətdən azad eləmir. Müəllim bağışlasa belə mütləq şəkildə ona bir cəza tətbiq olunmalıdır. Cinayəti törədən şəxsi bağışlamaq onu təmamilə məsuliyyətdən azad etmir. Bağışlamaq cəmiyyət üçün də nümunəvi addımdır. Qınayanlar da haqlıdırlar, burada cinayətə cəhd özünü göstərir. Odlu silahlı kiməsə tuşlayırsansa atəş açırsansa ona xəsarət yetirmək ehtimalı yüzdə yüzdür. Müəllimin şagirdi tənqid etməsi, ondan intizamlı olmağı, dərslərini oxumasını tələb etməsi normaldır. Hər kəs öz davranışına uyğun olaraq rəğbətləndirir. Düşünürəm ki, müəllimin şagirdi bağışlaması məsələsinin cəmiyyətdə qınanılması da başa düşüləndir. İnsanlar fikirləşir ki, bu məsələ şagirdlərin davranışlarında müəyyən motivlərin ortaya çıxmasına səbəb ola bilər. Əgər şagird söz götürmək istəmirsə davranış qaydalarına əməl etməli, intizamlı olmalıdır. Qaydalar hər kəs üçün eynidir - şagird üçün də, məmur üçün də. Bu məsələdə problem müəllimdə olmayıb, digər şagirdlər ondan narazı olmayıblar. Problem həmin şagirdin özündə və çevrəsindədir. 2-ci məsələ odur ki, bu şagirdin ailə içində, dostlarına qarşı davranışı necədir, əvvəllər də məktəbdə konflikt yaşayıbmı, cəmiyyət içində özünü necə aparır. Düşünürəm ki, müəllimin humanist addımını hüquq-mühafizə əməkdaşları nəzərə alacaqlar, amma onun davranışı da cəzasız qalmamalıdır. Çünki ortada bir cinayət hadisəsi var, bu hadisədə müəllim həyatını da itirə bilərdi.