"Özünü apara bilməyən insana cəmiyyətdə yer olmamalıdır. Ya müalicə olunmalıdır, ya da təcrid edilməlidir"
Bakının Nərimanov rayonunda qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs edilib. Hadisə rayonun Həsən Əliyev küçəsində marketdə baş verib. Verilən xəbərə görə, satıcı xanıma qarşı bir nəfər nalayiq ifadələr işlədərək onu təhqir edib. Dərhal həmin yerə polis əməkdaşı yaxınlaşıb, həmin şəxs saxlanılıb. Onun 1982-ci il təvəllüdlü Əmir Bağırov (ad-soyad şərti verilib – red.) olduğu aydınlaşdırılıb. Məlum olub ki, Bağırov həmin xanıma qarşı kobud və qeyri-etik hərəkətlərə yol verib, onu narahat edib. Qız etiraz etdikdə isə onu təhqir edərək ictimai qaydanı pozub. İş üzrə izahat verən Bağırovun sözlərinə görə, həmin günü xanıma yaxınlaşmaqda pis məqsədi olmayıb: "Onunla tanış olmaq istədim. Daha sonra banan alıb ona yeməsi üçün təqdim etdim. Lakin heç bir nalayiq ifadə işlətmədim. Sadəcə banan yeməyi təklif etdim”. Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə Bağırov 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş vermiş insidentin səbəblərini izah edən sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər bir şəxs cəmiyyət içində etik davranış normalarına riayət etməlidir:
- Konkret əxlaq normaları var ki cəmiyyətin üzvü olan hər bir kəs bunlara əməl etməyə borcludur. Tanış olmağın, qarşındakı şəxsə nəsə təklif etməyin də qaydaları, normaları var. Tanış olmaq istədiyin şəxsin qarşılıqlı münasibətini bilmədən, onun da səninlə tanış olmaq istədiyinə, ünsiyyət qurmaq istədiyinə əmin olmadan nəsə təklif etmək sağlam düşüncəli insana xas hərəkət deyil. Normal psixologiyaya malik şəxs bunu etməz. Düşünürəm ki həmin şəxsdə psixoloji çatışmazlıq halı olub ki qadına qarşı belə bir hərəkət edib. Belə bir rəftarla hər kim qarşılaşsa, o cür təpki verərdi. Bu cür halla qarşılaşan insanlar belə şəxsləri uzaqlaşdırmaq üçün səslərini çıxarmalı və mütləq polisə müraciət etməlidirlər. Hadisə zamanı polisin müdaxiləsi də təqdirəlayiqdir. Yaxşı ki polis əməkdaşları var, hər bir çətinlikdə onlara müraciət edirik. Qadına qarşı nalayiq hərəkət edən şəxsin psixoloji problemi varsa, müalicə almalıdır, müvafuq müəssisəyə yerləşdirilməlidir. Amma bilə-bilə edirsə, hansısa məkrli məqsəd güdürək edirsə, o zaman ciddi cəzalanmalıdır. Cərimə tətbiq olunmalı və ağır cəza tətbiq edilməlidir ki başqalarına da görk olsun. Belələrini bir neçə sutka həbs edilib sonra sərbəst buraxmaq doğru deyil. Hər kəs bilməlidir ki, cəmiyyətdə özünü tərbiyəli, əxlaqlı aparmalıdır. Qadına qarşı həmişə hörmət olub bizim cəmiyyətimizdə. Elin qızını, gəlinini hamı öz bacısı, anası bilərdi. Təəssüf ki dəyərlərimiz getdikcə itib-batır. Qadına qarşı əxlaqsız davranmaq bizim cəmiyyətə yaraşmayan haldır. Özünü apara bilməyən insana cəmiyyətdə yer olmamalıdır. Ya müalicə olunmalıdır, ya da təcrid edilməlidir.