Çünki narkotik təsiri altında olan sürücülər bilərəkdən təhlükəli vəziyyət yaradırlar
Yol hərəkəti təhlükəsizliyi hər bir cəmiyyətin əsas prioritetlərindən biridir və onun qorunması yalnız inzibati nəzarət tədbirləri ilə məhdudlaşmamalıdır. Son dövrlərdə ölkəmizdə baş verən yol qəzaları və yol polisinin həyata keçirdiyi reydlər göstərir ki, sürücülərin müəyyən hissəsi hələ də narkotik vasitələrin təsiri altında avtomobil idarə etməyi təhlükəli bir davranış kimi qiymətləndirmir. Xüsusilə paytaxt və regionlararası avtomobil yollarında baş verən belə halların sayı artmaqda davam edir və bu, həm sürücülərin, həm də digər yol iştirakçılarının həyatını ciddi təhlükəyə atır.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün Yol Patrual Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb. Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddənə inzibati həbs edilib. Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, sürücünün sükan arxasında narkotik vasitələrdən, psixotrop maddələrdən və yaxud da güclü təsir edən maddələrdən istifadə etməsi çox təhlükəlidir və qadağandır: “Bu, həm spirtli içkilərə aiddir. Amma alkoqolda qanunda müəyyən hədd var ki, sürücünün qanında alkoqolun miqdarı həmin həddən çox deyilsə, sərxoş sayılmır. Narkotik və psixotrop maddələrdə isə belə deyil: həmin maddələrdən hər hansı biri insan orqanizmində aşkarlanarsa və elementar kliniki əlamət müşahidə olunarsa, o şəxs sərxoş hesab olunur və nəqliyyat vasitəsini idarə etmək qadağandır. Bu zaman konkret sanksiyalar və cərimələr nəzərdə tutulur".
Ə.Hüseynov qeyd edib ki, narkotik vasitələr və güclü təsir edən maddələrin dövriyyəsi dövlət proqramları və qanunvericilik aktları ilə tənzimlənir: “İstehsalı, satılması, əldə olunması ümumiyyətlə qadağandır. Dövlət proqramı çərçivəsində daxili işlər orqanları, xüsusi komissiya, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi – hər kəs bu mübarizədə iştirak etməlidir. Hüquq-mühafizə orqanları – polis, prokurorluq, məhkəmələr ön plana çıxır, çünki bu, vacib sosial məsələdir. Əhalinin sağlamlığının bu vasitələrlə təhdid olunmasının qarşısının alınması əsas vəzifələrdəndir".
Ekspert həmçinin bildirib ki, sürücülərin narkotik vasitələrdən istifadəsi həm inzibati, həm də cinayət məsuliyyəti ilə nəticələnir: “İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, sürücünün narkotik vasitələrdən sərxoş vəziyyətdə olmasına şübhə yarandıqda, o dərhal saxlanılır və müayinəyə cəlb olunur. Narkotik sərxoşluğu polis tərəfindən narkotester vasitəsilə və ya tibbi müəssisələrdə aparılan laborator müayinələrlə müəyyən edilir. Əsas məsələ odur ki, narkotik maddələr sərbəst dövriyyədə deyil və onların əlçatan olmaması üçün ciddi tədbirlər görülür".
Müsahibimiz vurğulayıb ki, narkotik, psixotrop və güclü təsir edən maddələr sürücülərin yol hərəkətinə nəzarətini ciddi şəkildə azaldır, onların reaksiyasını və psixoloji vəziyyətini dəyişir: “Belə sürücülər yuxulaya, aqressiv və qeyri-adekvat davranışlar göstərə bilirlər. Hətta alkoqol sərxoşluğuna nisbətən bu, daha təhlükəlidir, çünki narkotik təsiri altında olan şəxslər bilərəkdən təhlükəli vəziyyət yarada bilirlər. Ona görə də heç bir sürücü bu maddələrdən istifadə edərək sükan arxasına keçməməlidir".