Əliməmməd Nuriyev: "İnsan hüquqları və mülkiyyət hüququ kobud şəkildə pozulub"
Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndəsinin (məlumatlarda belə qeyd edilib – M.R.) küçə ticarətiylə məşğul olmaq istəyən şəxsin məhsulunu müsadirə etməsi, kobud, qaba rəftarı sosial şəbəkələrdə kəskin etiraz doğurub. İcra nümayəndəsinin şəxsə yaxınlaşaraq özünü təqdim etmədən “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. “Vsyo”, qoyun bunları maşına!” söyləməsi insan hüquqlarının kobud pozuntusu, mımur özbaşınalığı olaraq dəyərləndirilir. Vətəndaş, səki dərdi çəkən olublar!
Xatırladaq ki, bir müddət öncə də Sumqayıtda analoji hal baş vermişdi. Məluamatlarda bildirilirdi ki, icra hakimiyyəti nümayəndələri küçə ticarəti aparılan əraziyə gələrək satıcılarla kobud rəftar etmişdilər və ticarətə mane olmuşdular. Və bunun səkirlərdə guya ki təmizlik işləri aparmaq, piyadaların sərbəst hərəkətinə şərait yaradılması məqsədiylə edildiyi bildirilmişdi. Məlum məsələdir, “təmizlik işi” səkilərdən daha çox satıcılara aid olur. Kimlərsə daha artıq haqq ödəyərək səkidə “toçka” əldə edir və ticarətə davam edir. Eyni hal paytaxt Bakıda əyani götrünür. Dəfələrlə bunu qeyd etmişik, səkilər bazardır. Metronun istənilən stansiyasının giriş-çıxışında eyni hal yaşanır. Piştaxtalar uzandıqca uzanır. “Elmlər Akademiyası” metrostansiyasının giriş-çıxışına nəzər yetirmək kifayətdir. Bəs bu küçələrdə piyadaların hərəkətinə mane olunmur? Olunur. Amma haqqını verib orda bazar açıblar. Ona görə onlara toxunmurlar. Sumqayıtdakı hadisə isə bir daha təsdiq edir ki, məsələ küçə ticarətinin yığışdırılması, səkinin abadlığı deyil, satıcılardan daha artıq haqq yığmaqdır. Sual isə budur: icra nümayəndəsinin vıtıəndaşın malını müsadirə etmək hüququ varmı? 
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında bildirdi ki, heç kimin digər bir şəxsin məhsuluna, malına “əl qoymaq” – müsadirə etmık hüququ yoxdur:
- Vətəndaşın malı, mülkü, məhsulu yalnız məhkəmə qaydasında, məhkəmənin hökmü ilə müsadirə oluna bilər. Sumqayıtda vətəndaşa qarşı bu cür hərəkət tamamilə qanunsuzdur, insan hüquqlarının, mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Əgər bu hərəkəti edən şəxs müvafiq icra strukturunun əməkdaşıdırsa, ilk növbədə özünü təqdim etməli idi. Sənədini göstərməli idi. Yox əgər icra hakimiyyətinin nüamyəndəsi deyilsə, kimdir, hansı hüquqla vətəndaşın məhsulunu müsadirə edir, başqasının malına əl qoyur?!. Buna onun hüç bir hüququ çatmır. Əgər səki tutulubsa, piyadaların hərəkətinə maneçilik yaranıbsa satıcı cərimə oluna bilər. Küçə ticarəti dünyanın hər yerində, ən sivil ölkələrdə də var. Küçə ticarəti qadağandırsa, bu, hamıya şamil edilsin, ümumiyyətlə küçədə heç nə satılmasın. Yox, qadağan deyilsə, təbii ki müəyyən şərtlər daxilində, ictimai yerləri zibilləməmək, piyadaların, avtomobillərin hərəkətinə mane olmamaq, sanitar qaydalara riayət edilməklə həyata keçirilməlidir. Biz bunun əksini istər paytaxda, istərsə dsə digər şəhərlərdə görürük. Qanunusuz ticarətdirsə, cərimə edilə bilər. Amma kiminsə məhsulunu müsadirə etmək qanunsuzdur və kimsənin buna hüququ çatmır. Baş verən biabırçılıqdır, özbaşınalıqdır. İnsanları təhqir edirlər, aşağılayırlar. Mənim yazığım gəldi o kişiyə. Bu necə qaba rəftardır, vətəndaşla görün hansı tonda danışırlar!
Ə.Nuriyev qeyd etdi ki, problem həm də bundan yaranır ki insanlar öz hüquqlarını bilmirlər:
- Məhsulu müsadirə olunan şəxs iddia qaydasında prokurorluğa müraciət etməlidir. İnsanlar hüquqlarını bilməlidir. Kimsənin onun məhsulunu məhkəmə qərarı olmadan müsadirə etmək, mənimsəmək hüququ yoxdur. Necə yəni, apar qoy maşına?!. Bu, nə deməkdir? Açıq-aşkar insanı soymaqdır. Hesab edirəm ki, bu məsələylə bağlı vətəndaş əlaqədar strukturlara, hüquq-mühafizə orqanlarına müraciət edə bilər.