Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb. Bu barədə APA məlumat yayıb. Bildirilir ki, uşaq yanvarın 4-ü, saat 17:30 radələrində ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Salyan Rayon Mərkəzi Xəstəxanasınıdan bildirilib ki, dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. “Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 05.01.2026-cı il tarixində saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib", deyə məlumatda qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
Həkim-pediatr Vaquf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, uşağın inyeksiyadan sonra vəfat etdiyi bildirilir: 
- Konkert nə yeridilib uşağın bədəninə, o haqda məlumat yoxdur. Qızdırmalı uşaqlara sistem köçürülə bilər. Əksər hallarda bu, adi fizioloji məhlul olur, ya da “Ringer” köçürülür. Bunların əks reaksiya vermək ehtimalı həddindən artıq aşağıdır. Çox böyük ehtimalla ya “Analgin” vurulub, qızdırmanı salmaq üçün, ya da hansısa antibiotik. Bunlardan, bəli, əks reaksiya mümkündür. Amma bilmirik axı nə vurulub uşağa. “Analgin” şok verir. Həm yaxşı, həm də pis dərmandır. Antibiotiklərsə dünya bilir ki, allergik reaksiya verir. Ona görə də vurulmamışdan əvvəl sınaq (test) qoyulmalı, bir neçə dəqiqə gözləmək, əks reaksiya baş vermədisə, iynə vurulmalıdır.
V.Qarayev əlavə etdi ki, xəstəxananın məlumatında anlaşılmazlıq var:
- Hiperqlikemiya şəkərin qalxması deməkdir. Belə çıxır, şəkəri varmış. Sonra isə, ölümün səbəbi kimi hipotoniya qeyd edilir. Hipotoniya isə təzyiqin düşməsidir. Bu, nəsə qarışıq bir şeydi. Dəqiq diaqnoz qoyulmayıb.