Uşağın qəzəbi idarə etməyi öyrəndiyi ilk yer ailədir - Mütəxəssis xəbərdarlığı

Uşağın qəzəbini idarə etməyi öyrəndiyi ilk mühit ailədir.

Sherg.az xəbər verir ki, bunu Samsun Ondokuz Mayıs Universitetinin (OMÜ) professoru Hatice Kumcağız bildirib.

Onun sözlərinə görə, uşaqlarda aqressiv davranışlar sosial təcrid, depressiya, zorbalıq və emosional diqqətsizlik kimi amillərin təsiri ilə yaranır. Ailə daxilində sevgi və diqqət çatışmazlığı uşağın internet və sosial mühitdə mənfi davranışlara yönəlməsinə səbəb olur.

Mütəxəssis qeyd edib ki, valideynlərin davranışı uşaqlar üçün əsas nümunədir: valideynlər qəzəbi aqressiya ilə deyil, dialoqla həll etməlidirlər. Əks halda uşaq bu davranışı normal hesab edir.

Kumcağızın sözlərinə görə, uşaqların izlədiyi kontent də mühüm rol oynayır. Şiddət məzmunlu oyun və videolar empati hissini zəiflədə bilər. Buna görə ailələrin uşaqların rəqəmsal mühitinə nəzarəti vacibdir.

O həmçinin bildirib ki, məktəblərdə yalnız akademik deyil, sosial və emosional inkişaf da diqqətdə saxlanmalıdır.

Bir uşağın başqa bir uşaq tərəfindən davamlı şəkildə incidilməsi və ya alçaldılmasına qarşı tədbirlər görülməli, risk qrupundakı uşaqlar isə psixoloji dəstək almalıdır.