Uşaqlar internetdə görünməz kibertəhlükə ilə üz-üzədir - EKSPERT

Fərid Səfərov: "Uşaqların rəqəmsal təhlükəsizliyi məktəb səviyyəsində öyrədilməlidir”

Azərbaycanda uşaqların və yeniyetmələrin internetdə, xüsusilə sosial şəbəkələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində sistemli işlər gücləndiriləcək. Bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən "Kibertəhlükəsizlik üzrə silsilə təlimlər: Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın təkmilləşdirilməsi" adlı seminarın kuluarlarında jurnalistlərə bildirib.

O qeyd edib ki, sosial şəbəkələrin geniş yayılması uşaqların kibertəhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. İcraçı direktorun sözlərinə görə, bir çox sosial platformalarda yaş məhdudiyyəti (16-18 yaş) tətbiq olunur. R.Cabarov həmçinin deyib ki, bu məsələ təkcə platforma sahiblərinin deyil, həm də dövlətlərin məsuliyyət zonasıdır, çünki əsas məqsəd vətəndaşların, xüsusən də uşaqların qorunmasıdır. AKTA nümayəndəsinin sözlərinə görə, informasiya və kibertəhlükəsizlik strategiyasında uşaqların sosial şəbəkələrdə və internet mühitində qorunmasına dair xüsusi müddəalar nəzərdə tutulub: "Müvafiq qurumlar artıq bu istiqamətdə addımlar atır. Bu məsələ hər zaman diqqət mərkəzində olub, lakin indi daha sistemli yanaşma formalaşır".

İcraçı direktorunun fikrincə, AKTA bu sahədə birbaşa bütün uşaqlarla deyil, onların maarifləndirilməsi ilə məşğul olacaq əsas qruplar vasitəsilə işləməyi daha səmərəli hesab edir. Xüsusilə Elm və Təhsil Nazirliyi ilə birgə informatika müəllimlərinin kibertəhlükəsizlik sahəsində bilik səviyyəsinin artırılması üzrə layihə həyata keçirilir: "İnformatika müəllimləri üçün xüsusi tədris materialları hazırlanır. Onların köməyi ilə müəllimlər uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını izah edə, hansı hərəkətlərin düzgün olduğunu, hansıların isə risk daşıdığını aydınlaşdıra biləcəklər. Bu yanaşmanı daha məntiqli və səmərəli hesab edirik".

R.Cabarov valideyn nəzarətinin vacibliyini vurğulayaraq, bu gün uşaqların onlayn fəaliyyətinin monitorinqi üçün müxtəlif proqramların mövcud olduğunu bildirib: "Valideynlər bu məsələyə diqqət yetirməlidirlər. Lakin biz onları məcbur edə bilmərik. Əsas məqsəd uşağın özündə düzgün rəqəmsal davranış bacarıqlarının formalaşdırılmasıdır". AKTA nümayəndəsi artıq gələn il layihələrin nəticələrinin daha çox nəzərə çarpacağına və uşaqların kibertəhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Kibertəhlükəsizlik üzrə təlimçi Fərid Səfərov Sherg.az-a bildirib ki, internet uşaqlara öyrənmək, kəşf etmək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün böyük fürsətlər yaradır. Lakin bu fürsətlərlə yanaşı fırıldaqçılıq, kibertəcavüz, saxta hesablar, viruslar və məlumat oğurluğu kimi risklər də mövcuddur:

“Uşaqlar bu təhlükələri tanımadıqları üçün linklərə klikləyir, şəxsi məlumatlarını paylaşır və fərqinə varmadan kibertəhlükələrə məruz qalır. Uşaqları texnologiyadan uzaqlaşdırmaq mümkün deyil, amma erkən yaşdan təhlükəsiz istifadə qaydalarını öyrətməklə onları qorumaq olar. Əgər bir uşaq parolun güclü olmasının əhəmiyyətini, şəxsi məlumatların paylaşılmaması prinsipini və şübhəli mesajların təhlükəsini erkən öyrənərsə,bu onun onlayn həyatında güclü “müdafiə qalxanı” yaradır. Texnologiya ilə böyüyən nəsil üçün bu oxuma- yazma qədər vacib bacarıqdır. Əgər biz bu bilikləri məktəb səviyyəsində öyrətsək, gələcəyin gəncləri yalnız istifadəçi deyil, həm də mühafizəçi olacaqlar”.  

F. Səfərov qeyd edib ki, uşaqlar internetdə hər gün vaxt keçirir oyun oynayır, videolar izləyir və yeni biliklər əldə edirlər:

“Amma onlayn dünyada təhlükəsiz davranmağı bilmək ən az texnologiyanı istifadə etmək qədər vacibdir. Kiber təhlükəsizlik təkcə texniki bilik deyil, düzgün qərar vermək, riskləri anlamaq və şəxsi məlumatları qorumaq bacarığıdır. Erkən yaşda bu vərdişləri öyrənən uşaqlar rəqəmsal dünyada daha güvənli addımlayırlar. Uşaqların kibertəhlükəsizliyi kompleks və çoxşaxəli yanaşma tələb edən sahədir. Effektiv qorunma texniki tədbirlərin, davranış əsaslı maarifləndirmənin və valideyn nəzarətinin inteqrasiyası ilə təmin olunur. Bu komponentlər birgə tətbiq edildikdə kiber risklərin təsiri əhəmiyyətli dərəcədə azaldılır və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşır”.