Hər nə qədər “ölüm haqdır” desək də, elə insanlar var ki, onların gedişi sadəcə bir itki deyil, arxada böyük bir sükut, yeri dolmayacaq boşluq yaradır. "Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyev məhz belə insanlardan idi. 48 illik ömür payına sığdırdığı zabit şərəfi və jurnalist ləyaqəti ilə o, təkcə yazılarını deyil, həm də qəlbinin işığını minlərlə insanın yaddaşına köçürərək əbədiyyətə qovuşub.
Rəşad həm qələmi, həm də mehribanlığı ilə ətrafındakılara işıq saçan, başqalarının üzünü güldürməyi bacaran bir dost idi. Onun ölümü bütün dostlarını, illərlə çiyin- çiyinə çalışdığı həmkarlarını dərindən sarsıdıb. 48 illik ömür payına sığdırdığı o qədər xatirə, o qədər zarafat var ki. Tək təsəllimiz var. Rəşad bu dünyadan bir zabit şərəfi, bir jurnalist ləyaqəti ilə yüzlərlə həmkarının sevgisini qazanaraq köçdü. Onun adı həm Azərbaycan mətbuatı, həm də zəfər tarixində ehtiramla anılacaq. 48 yaş bir insan- xüsusən də Rəşad kimi həyat dolu, hər kəsin sevimlisinə çevrilən biri üçün çox erkən vidadır.

Rəşadla yolumuz illər əvvəl "Şərq" qəzetində kəsişmişdi. Qısa müddət bir yerdə çalışsaq da, onun canayaxınlığı, mehribanlığı və bitib-tükənməyən zarafatları yaddaşımda silinməz iz qoyub. Sonralar Azərbaycan Nəşriyyatının dəhlizlərində, liftində tez-tez rastlaşar, hal-əhval tutardıq. Səhhətində ciddi problemlər olsa da, o, ağrısını gülüşünün arxasında gizləməyi bacaran, zarafatlarını əskik etməyən nadir insanlardan idi.
Rəşad Baxşəliyev təkcə qələmi ilə deyil, həm də vətənpərvərliyi ilə seçilən bir jurnalist idi. 2020-ci il Vətən müharibəsi başlayanda o, bir an belə tərəddüd etmədən qələmini silaha dəyişdi, könüllü olaraq cəbhəyə yollandı. Azərbaycan ordusunun şərəfli zabiti kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdi.
Rəşad Baxşəliyev səhər saatlarında ürək çatışmazlığı səbəbilə dünyasının dəyişib. Mərhum Masazır kənd qəbiristanlığında dəfn ediləcək. Məlumat üçün bildirək ki, o, uzun müddət “Şərq” qəzetində, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. R.Baxşəliyev “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.

MEDİA tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verib:
“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Vətən müharibəsi iştirakçısı olan tanınmış jurnalist, "Azərbaycan" qəzetinin şöbə müdiri Rəşad Baxşəliyevin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verirlər.
R.Baxşəliyev istedadı, jurnalist bacarığı və peşəyə sədaqəti ilə yanaşı, səmimiyyəti və qayğıkeşliyi ilə də fərqlənib, həmkarlarının hörmət və ehtiramını qazanıb. Belə bir şəxsin yoxluğu onu yaxından tanıyan hər kəs üçün böyük üzüntüdür.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Rəşadla bağlı fikirlərini bir neçə cümlə ilə ifadə edib: “Nə yazacağımı , nə deyəcəyimi bilmirəm, Rəşad. Sadə, sakit , səmimi, etibarlı və hər cür məkirdən uzaq Vətənpərvər Rəşad. Son Vətən savaşında qələmini silaha, süngüyə çevirən, iki cəbhənin də örnəyi olan Rəşad. Nə yazım !!!. Aram- aram danışmağından , planlarından , hərdən bizi bir araya gətirmək həvəsindən , şirin zarafatlarından? Bilmirəm, nə yazım.Taleyi kəm, ömrü qısa Rəşad ! Hələlik, görüşənədək !”
Modern.az” xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlının da dediyi kimi hər itki bizdən bir parça aparır, bizi bir az daha əskildir: “Dostlar getdikcə adamın gücü azalır, həyatın rəngləri bozarır. Hər itki içimizdən bir parça aparır. Yeriniz çox bilinəcək, qardaşlar. Sözləriniz, səsiniz, varlığınız, tərziniz, hamısı yaddaşlarda yaşayacaq”.
“İtirə- itirə gedirik qazandıqlarımızı... bir də görürsən ki, fotodur adam...”- jurnalist Elşad Paşasoyun bir neçə kəliməlik təsbiti də Rəşad Baxşəliyevin gedişi ilə yaranan dərin boşluğun ən dəqiq ifadəsidir. İnsan ömrü bəzən illərlə deyil, qoyub getdiyi səmimiyyəti, xoş xatirələri ilə ölçülür.

Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu:
Kim nə deyir, desin, ölüm həm adiləşib, həm də gəncləşib. Hər gün sıralarımızı neçə - neçə uşaq, yeniyetmə və gənc insan tərk edir. Ölüm o qədər adiləşib ki, rahat şəkildə bir işin ardınca gedib başa çatdırmağa həvəsin qalmır.
Rəşad Baxşəliyev II Vətən savaşı başlayanda öncə ön cəbhədən maraqlı reportajlar hazırlayıb, daha sonra isə könüllü olaraq savaş meydanına atılıb.
Jurnalist Nuridə Allahyarova da Rəşadla bağlı fikirlərini paylaşıb: “Rəşadı Binəqədidə çalışdığım dövrdən tanımışdım. Əqidəli, mənəviyyatı zəngin, sorğusuna cavab belə istəyəndə təmkinini pozmayan, tanıdığım şərəfli jurnalistlərdən idi. Qarabağda savaş başlayanda sinəsini sipər edən qeyrətli qazi idi. Son danışığımızda səhhəti ilə bağlı Yeni Klinika ilə maraqlanırdı. Təəssüf ki, ordan işdən ayrıldığıma görə birbaşa dəstək ola bilmədim, əlaqədar şəxslərə yönəltdim. Bilsəydim ucunda ölüm var şəxsən gəlib özüm aparardım həkimə. Əminəm ki, əlaqədar hər kəs dəstək olsu, amma əcəl...”
