Gürcüstan parlamenti Saakaşvilinin partiyasının fəaliyyətinə dair istintaq komissiyası yaradacaq

Gürcüstan parlamentinin yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə hakimiyyətdə olan “rejimin və rejimin siyasi məmurlarının” fəaliyyətini öyrənmək üçün istintaq komissiyası yaradılacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının ofisində keçirilən brifinqdə parlament çoxluğunun lideri, “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

“Sistemli cinayətlərin araşdırılması və rejimin qiymətləndirilməsi məqsədilə Gürcüstan parlamentində yaz sessiyasının ilk həftəsində rejimin və onun siyasi məmurlarının 2003-2012-ci illərdə fəaliyyətini öyrənmək üçün müvəqqəti istintaq komissiyası yaradılacaq. Komissiya altı ay işləyəcək və hesabat hazırlayacaq, daha sonra payız sessiyasının ilk həftəsində Gürcüstan Parlamenti tərəfindən nəzərdən keçiriləcək və təsdiq ediləcək. Əldə olunmuş nəticələrə dair Gürcüstan Konstitusiyasında nəzərdə tutulmuş siyasi və hüquqi cavab tədbirləri tövsiyələri veriləcək. Gürcüstan parlamentinin təsdiq etdiyi nəticə Gürcüstan qanunvericiliyinə uyğun olaraq sonrakı tədbirlərin görülməsi və günahkarların cəzalandırılmasını təmin etmək üçün Gürcüstan Baş Prokurorluğuna və digər aidiyyəti qurumlara təhvil veriləcək”, - deyə Mamuka Mdinaradze bildirib.