"Mülki missiya" Qərbin regionda mövcudluğunu təmin etməyə xidmət edir -ŞƏRH

Avropa İttifaqı regionda hansısa mandata sahib deyil


"Avropanın monitorinq missiyası, əslində, Aİ-nin kəşfiyyat missiyasıdır". Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar: "Baxırlar ki, bəlkə, haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında". Ölkə rəhbəri Ermənistanın silahlanmasına da diqqət çəkib: "Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də, onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir". Prezidentin köməkçisi Hikmət Hacıyev də Forumda çıxışı zamanı bildirib ki, Aİ-nin Ermənistanı silahlandırması bu ölkəni regional müstəvidən qoparmaq məqsədi güdür: "İstərdik ki, Avropa İttifaqının (Aİ) bizim regiona qarşı yeni siyasətini görək. Aİ-nin Cənubi Qafqazda siyasəti bir ölkə ilə yekunlaşmamalıdır. Amma biz çalışacağıq ki, Aİ-nin siyasəti regional səviyyədə olsun". Prezidentin köməkçisi onu da bildirib ki, postsovet məkanında yeni reallıq göz qarşısındadır: “Azərbaycan yeni reallıqların etibarlı tərəfdaşıdır".

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Prezidentin qeyd etdiyi kimi, Avropa İttifaqının "mülki missiyası" hər şeydən öncə Qərbin regionda mövcudluğunu təmin etməyə xidmət edir. Professor vurğulayıb ki, bu missiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində hansısa mandata sahib deyil: 
"Əslində, Avropa İttifaqının "müşahidə missiyası"nın belə bir istəyi də yoxdur. Lap əvvəldən formalaşmış rəy ondan ibarət idi ki, Avropa İttifaqının "mülki missiyası" postmünaqişə dövründə Cənubi Qafqazda öz mövcudluğunu yenidən bərqərar etmək üçün regiona göndərildi. Vaxtı ilə münaqişə mövcud idi və bu vəziyyət regiondan kənarda yerləşən dövlətlərə imkan verirdi ki, onlar Cənubi Qafqazda öz varlıqlarını, maraqlarını təmin edə bilsinlər. Sözsüz ki, Cənubi Qafqaz kimi strateji bir regionda həmin dairələrin kifayət qədər təhlükəli maraqları var idi. Ən risklisi o idi ki, Qərb gücləri münaqişə vəziyyətinin davamlı olaraq qalmasında maraqlı idilər. Təsadüfi deyil ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad edən zaman və ondan sonra ölkəmizin üzərində sistemli hücumlar təşkil edilirdi. Məqsəd ondan ibarət idi ki, nəyin bahasına olursa-olsun, münaqişə elementləri regionda saxlanılsın. Çünki münaqişə olan yerə müdaxilə imkanları geniş olur, məkrli niyyətləri reallaşdırmaq rahat olur. O səbəbdən bu gün də Qərb siyasi dairələri münaqişəsiz Cənubi Qafqaz reallığını qəbul etmək istəmirlər". 

E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Avropa institutlarında ölkəmizə qarşı açıq-aşkar qərəzli müzakirələr təşkil olunur, qətnamələr qəbul edilirdi:
 "Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri öz gücü sayəsində həyata keçirdi. Amma həmin qətnamələri qəbul edən platformada Azərbaycana qarşı dəfərlərlə qərəzli tədbirlər təşkil olundu, sənədlər qəbul olundu. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın Cənubi Qafqaz regionuna münaqişəni aradan qaldırmasını Qərb dairələri heç bir halda həzm edə bilmirlər. Nəhayət, öz məkrli niyyətlərini həyata keçirmək üçün bir alət tapdılar. Ermənistandakı siyasi rejim Qərb tərəfindən formalaşdırıldığı üçün N.Paşinyan çox rahatlıqla, heç bir lüzum olmadan Aİ-nin "mülki missiyası"nın regiona göndərilməsinə şərait yaratdı. Azərbaycan tərəfi isə kənar missiyaların ölkəmizə gəlməsinə qəti şəkildə qarşı çıxdı və imkan vermədi. Sonrakı dönəmdə aydın oldu ki, Avropa İttifaqının "müşahidə missiyası" bölgədə casusluqla məşğuldur. Bu da regionda təhlükəsizlik üçün böyük təhdidlər yaratmaqdadır. Nəzərə alaq ki, Aİ-nin "mülki missiyası" bir sıra ölkələrin güc strukturlarının münayəndələrindən təşkil olunub. Bunun özü missiyanın məqsədi haqqında aydın təsəvvürlər yaradır". 

Professor bildirib ki, bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı təxribatlarında missiyanın birbaşa iştirakı haqqında məlumatlar yayılıb:
 "Yəni mülki missiya kəşfiyyat fəaliyyəti nəticəsində aldığı məlumatları Ermənistan tərəfinə ötürərək onun Azərbaycana qarşı təxribatları zamanı bu informasiyalardan istifadəsinə şərait yaratmışdı. Aİ-nin missiyası Ermənistanın Azərbaycana yönəlik revanş hisslərinin formalaşmasında yaxın iştirak etmək niyyətindədir. Bunun davamı kimi Ermənistan sistemli şəkildə silahlandırılır. 2024-cü ildə keçirilən Brüssel görüşü də ona hədəflənmişdi ki, Ermənistana əlavə təhlükəsizlik tədbirləri verilsin. Məhz bundan sonra Fransa kimi ölkələr Ermənistanı daha fəal şəkildə silahlandırmağa başladılar. Hərbi əməkdaşlığı genişləndirdilər. Bu da göstərir ki, məqsəd Ermənistan vasitəsilə Cənubi Qafqazda münaqişə ocağını alovlandırmaqdan ibarətdir. Bu da region dövlətləri üçün çox təhlükəlidir".