Tbilisi Avropa İttifaqının dəyərlər diktəsinə müqavimət göstərir -RƏY 

Gürcüstanın yeni siyasi kursu bəllidir
Avropa Komissiyası Gürcüstana səkkiz tövsiyənin yer aldığı məktub ünvanlayıb və onların yerinə yetirilməsi üçün son tarix avqust ayının sonu müyyən edilib. Tövsiyələr əsasən bir neçə qanunun ləğvi, viza siyasətinin Avropa İttifaqının (Aİ) viza siyasətinə uyğunlaşdırılması, LGBT üzvlərinin hüquqlarının tam qorunması ilə bağlıdır. Onların yerinə yetirilməyəcəyi halda Aİ və Gürcüstan arasında 2017-ci ilin martından qüvvədə olan vizasız rejimin dayandırılacağı gözlənilir.
“Brüssel sovet Moskvasını xatırlatmamalıdır. Bizə bütün məsələlər üzrə arqumentlər lazımdır”. Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının tövsiyələrini jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan üçün ailə dəyərləri, yeniyetmələrin maraqlarının müdafiəsi və şəffaflıq haqqında qanunlar çox vacibdir.
“Bizim Brüsselə bütün bəndlər üzrə dəqiq cavabımız var. Məhkumlara gəlincə, onların hər biri konkret cinayət törədiblər. Qoy onlar bu barədə danışmağa başlasınlar. Bu və ya digər məsələ ilə bağlı hüquqi sualları varsa, bizə qarşı mehriban davransınlar. Təbii ki, belə suallar yoxdur. Yalnız boş siyasi ultimatumlar var ki, bu da təəssüf doğurur”, - İ.Kobaxidze söyləyib.
Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, son illərdə Gürcüstan hökuməti ilə Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginlik, əslində, rəsmi Tbilisinin daha müstəqil və suveren siyasət yürütmək istəyindən irəli gəlir:
 “Gürcüstan hakimiyyəti artıq Avropa İttifaqının bir sıra məsələlərdəki təzyiqlərinə qarşı duraraq, milli maraqlara uyğun siyasi kurs müəyyənləşdirməyə çalışır.
Xüsusilə xarici agentlərin fəaliyyəti, söz və fikir azadlığı, eləcə də LGBT məsələləri ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər Avropa İttifaqı ilə münasibətlərə ciddi təsir göstərib. Aİ bu dəyişiklikləri demokratik dəyərlərə zidd hesab edərək Gürcüstanı tənqid edir. Nəticədə, bu, tərəflər arasında siyasi və diplomatik qarşıdurmanı daha da dərinləşdirib.
Əlbəttə, Avropa İttifaqının narahatlıq doğuran bəzi haqlı məqamları da var. Məsələn, qəbul edilən yeni qanunlar nəticəsində Gürcüstanda qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanları məhdudlaşıb, insan hüquqları sahəsində geriləmələr qeydə alınıb. Bu, ictimai sektorun fəaliyyətinə mənfi təsir göstərərək vətəndaş cəmiyyətinin zəifləməsinə səbəb olub. Lakin milli-mənəvi dəyərlərə qarşı təzyiqlər haqlı olaraq gürcü hökuməti tərəfindən qəbul edilmir. Aİ isə israrla öz dəyərlərini Gürcüstana diktə etməyə çalışır”.
Politoloq bildirib ki, Gürcüstan həm Qərblə münasibətlərini qorumağa, həm də öz milli maraqları çərçivəsində suveren siyasət yürütməyə çalışır. Bu isə balanslaşdırılmış yanaşma tələb edir. Avropa İttifaqı da Gürcüstanın daxili siyasi qərarlarına hörmətlə yanaşmalı, əməkdaşlıq mexanizmlərini təzyiq vasitəsinə çevirməməlidir.