
Politoloq: Hakan Fidan Zəngəzurla bağlı mənzərəni doğru ifadə edib
Bir sıra vacib suallar cavabsız qalır
Yola necə nəzarət olunacaq, hansı tərəf tikinti işlərini həyata keçirəcək, investisiyaları kim qoyacaq və yolun təhlükəsiz hərəkəti necə təmin ediləcək, hələ bəlli deyil
Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində son dövrlər mühüm addımlar atılır. Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar, eləcə də Bakının Vaşinqtonda ABŞ ilə apardığı müzakirələr regionda yeni və daha müsbət siyasi mənzərə formalaşdırır. Bu proseslərin təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, həm də bütövlükdə regionun təhlükəsizliyinə və gələcək inkişaf perspektivlərinə təsir göstərəcəyi vurğulanır. Türkiyə də proseslərdə aktiv iştirak edir və Azərbaycanla sıx məsləhətləşmələr aparır. Ankara üçün xüsusilə Zəngəzur dəhlizi mövzusu strateji önəm daşıyır, çünki bu layihə həm regional nəqliyyat-kommunikasiya xətlərinin açılması, həm də Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi baxımından vacib hesab olunur.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"ə müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb. Nazir deyib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr də aparıb.
Zəngəzur dəhlizi ilə bağlı həm Türkiyə Prezidentinin, həm Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu qeyd edib: "Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Prezidentimizin və bizim tutduğumuz mövqe isə etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik. Başda Cənab Əliyev olmaqla, Azərbaycandakı məsul şəxslər bacarıqlı insanlardır".
Türkiyənin xarici işlər naziri Hakan Fidanın da qeyd etdiyi kimi, hazırda dəhlizlə bağlı konkret qərarlar olmasa da, tərəflər arasında etimada əsaslanan əməkdaşlıq davam edir. Nazir, həmçinin Ermənistan rəhbərliyinin, xüsusilə Baş nazir Nikol Paşinyanın siyasi risklərə baxmayaraq, atdığı addımları da müsbət qiymətləndirərək, bölgədə sülhün bərqərar olması üçün yeni imkanların yarandığını bildirib.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları, bölgədəki mövcud vəziyyəti düzgün qiymətləndirən diplomatik yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər:

“Vaşinqton görüşündə imzalanan niyyət bəyannaməsi Ermənistanın öz ərazisində “Tramp marşrutu” adlandırılan layihənin reallaşdırılması üçün ABŞ və digər üçüncü dövlətlərlə əməkdaşlıq edəcəyini göstərir. Bəyannamədə digər spesifik detallar əks olunmasa da, bu, tərəflər arasında gələcək konkret müzakirələrin aparılacağı anlamına gəlir.
Təbii ki, konkret istiqamətlərlə bağlı tərəflər arasında müzakirələr aparılır, müəyyən detallar məlumdur. Lakin bunlar rəsmi sənəddə öz əksini tapmalıdır.
Hələlik bir sıra vacib suallar cavabsız qalır: yola necə nəzarət olunacaq, hansı tərəf tikinti işlərini həyata keçirəcək, investisiyaları kim qoyacaq və yolun təhlükəsiz hərəkəti necə təmin ediləcək. Vaşinqton razılaşması bir növ 10 noyabr 2020-ci il bəyannaməsinin tələblərini özündə əks etdirir: Naxçıvana gedən quru yolunda maneəsiz hərəkət təmin edilməli və Ermənistanın ərazi bütövlüyü tanınmalıdır”.
Müzakirələrdə Türkiyə tərəfinin iştirak etmədiyini vurğulayan politoloq qeyd edib ki, bunun səbəbi, proseslərin əsasən Ermənistan ərazisində baş verməsi və qərb ölkələri, o cümlədən Azərbaycanla birbaşa danışıqların aparılmasıdır:
“Bu müzakirələrin sonunda bütün detallara aydınlıq gətiriləcək. Hesab edirəm ki, yaxın vaxtlarda Tramp marşrutu adlandırdığımız Zəngəzur dəhlizi ilə bağlı zəruri sənədlər imzalanacaq”.
Səmədovun fikrincə, Türkiyənin Azərbaycana olan etimadı da Fidanın açıqlamalarında öz əksini tapıb: “Nazir vurğulayıb ki, Azərbaycanın iştirakı eyni zamanda Türkiyənin maraqlarının da təmin olunması deməkdir. Son illərin təcrübəsi də göstərir ki, Azərbaycan hər hansı bir regional prosesdə iştirak edirsə, orada mütləq Türkiyənin maraqları da nəzərə alınır, yaxud əksinə. Bu, Ankara ilə Bakı arasındakı strateji əməkdaşlığın və qarşılıqlı etimadın mühüm göstəricisidir. Beləliklə, həm Türkiyə, həm Azərbaycan, həm də beynəlxalq tərəfdaşlar Zəngəzur dəhlizi layihəsinin reallaşmasında koordinasiyalı addımlar atır, regionun sabitliyi və iqtisadi inteqrasiyasına xidmət edən önəmli bir platforma formalaşdırılır. Bu proseslər, eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün mühüm zəmin yaradır”.