Analitik: Qarabağdan gedənlərin qayıtmaq şansı sıfırdır 

Paşinyan “erməni məsələsi”ni gündəmdən çıxarmağa məcburdur
Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan bildirib ki, Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb. Onun sözlərinə görə, onlardan 11 259 nəfəri prezidentin fərmanı ilə Ermənistan Respublikasının vətəndaşlığını alıb. Nazir müavini qeyd edib ki, 5000-dən çox yetkinlik yaşına çatmayan şəxs isə valideynləri pasportlarını dəyişdirdikdə avtomatik olaraq vətəndaşlıq əldə edib. “Hraparak” nəşri isə məlumat yayıb ki, Qarabağı könüllü tərk edən ermənilər son aylarda kütləvi şəkildə Rusiyaya gedir. Nəşrin yazdığına görə, Qarabağı tərk etmiş ermənilərin Rusiyaya kütləvi axınının səbəbi Ukrayna müharibəsidir. Belə ki, onlar Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılan könüllü dəstələrdə, xüsusən müqaviləli hərbi qulluqçulara kifayət qədər yüksək maaş verildiyi erməni batalyonu “Arbat”da qeydiyyata alınırlar. 
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Sherg.az-a deyib ki, Ermənistanın mövcud vəziyyəti indiki reallığı kifayət qədər dərindən dərk edir. Ekspert vurğulayıb ki, Qarabağdan öz xoşları ilə getmiş ermənilərin nə vaxtsa yenidən geri qayıtmaq imkanları sıfıra bərabərdir: 
"Nikol Paşinyan özü ilk növbədə bu məsələnin tamamilə gündəmdən çıxmasında maraqlıdır. Çünki Qarabağda ermənilərin qayıtması separatizmin, revanşizmin yenidən alovlanmasına, ən əsası kənar güclərin yenidən "erməni məsələsi"ndən istifadəsinə imkan yaradacaq. Xüsusən, Rusiyanın əl-qolunu açacaq ki, İrəvan hökuməti bunu istəmir. Həm də Paşinyan Ermənistanda demoqrafik vəziyyəti də düşünür. Qarabağdan könüllü getmiş 16 min erməniyə Ermənistan pasportu verilməsi də bundan xəbər verir. Azərbaycan hökuməti Qarabağdan heç kim zorla çıxarmayıb, qovmayıb. Hətta ermənilərin qalması üçün şərait yaradılıb, onlara gözəl həyat şəraiti təklif olunub. Təbii ki, bunun qarşılığında oradakı ermənilər separatizmdən əl çəkməli, Azərbaycan vətəndaşı kimi ölkənin bütün qayda-qanunlarına birmənalı tabe olmalı idilər. Ancaq bundan imtina edərək, könüllü surətdə Qarabağı tərk etdilər". 
S.Hümbətov əlavə edib ki, hansısa erməni Ermənistan vətəndaşı olursa, digəri Ukrayna ilə döyüşmək üçün Rusiyaya gedirsə, bu, onların öz seçimidir:
 "Ümumiyyətlə, "Qarabağ erməniləri" söhbəti Azərbaycan üçün tamamilə qapadılıb. Paşinyan da bu səhifəni birdəfəlik bağlayıb. Paşinyan 8 avqust Vaşinqton anlaşmasının pozulmasını arzulamır və yekun sülhün imzalanması yönündə çalışır. Yəqin ki, İrəvan hökuməti separatçılıq arzusunda olanların dərsini layiqincə verəcək".