Araşdırmaçı: Alen Simonyan Paşinyan üçün təhlükəli rəqib deyil

Baş nazirin ən ciddi təhlükəsi partiyadaxili yox, Rusiyameyilli qüvvələrdir
“Paşinyan partiyadaxili demokratiyanı göstərmək üçün addımlar atır”
Ermənistan Baş naziri Nikol Paşinyanın komandasında hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinə seçkilərin nəticələrinin müzakirəsi davam edir. Baş nazirin bəzi müttəfiqləri səsvermənin nəticələrindən narazıdırlar.
“Hraparak” qəzetinin məlumatına görə, parlamentin spikeri Alen Simonyan siyahıda 11-ci yeri tutmaqdan məyus olub. Simonyan xüsusilə partiyaya şəxsən gətirdiyi siyasətçilərin partiyanın parlament fraksiyasının rəhbəri Hayk Koncoryan, deputat Vaaqn Aleksanyan və əmək və sosial təminat naziri Arsen Torosyanın ondan öndə olmasından narazıdır.
“Yerkrapa” terror təşkilatının lideri Sasun Mikaelyan da nəticələrdən heyrətə gəlib. O, ümumiyyətlə, İdarə Heyətinə seçilməyib, hətta partiyanın son iclasında belə iştirak etməyib.
Ermənistan KİV bundan əvvəl məlumat yaymışdı ki, “Vətəndaş Müqaviləsi” gələn il keçiriləcək seçkilərdə qələbə qazansa, Alen Simonyan parlamentin sədri olmayacaq. Baş nazirin spikeri sıxışdırması onu özünə rəqib kimi görməsi ilə izah olunur.
Araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında Paşinyanın istər partiyadaxili, istərsə də ümumi siyasi arenada rəqibləri olduğunu deyib:
 "Onun rəqiblərindən öndə olmaq üçün müəyyən addımlar atması normal siyasi proses hesab oluna bilər. Amma parlament spikeri Alen Simonyan hazırkı durumda Paşinyan üçün təhlükəli rəqib deyil.
Paşinyan başda olmaqla istər Alen Simonyan, istərsə də hakim komandanın digər üzvləri üçün indi ən ciddi təhlükə Rusiyameyilli qüvvələrdən gələ bilər. İndiki durumda Paşinyan komandasında çat onların xeyrinə olardı. Buna görə də Rusiyameyilli KİV-lər belə bir fon yaratmağa çalışır. 
Paşinyan çalışır ki, partiyadaxili demokratiyanın da olduğunu göstərsin. Buna görə də namizədlərin siyahısı məhz partiyadaxili səsvermə ilə müəyyənləşib. Daxili səsvermədə Simonyan 11-ci də ola bilər. Lap sonuncu da.  Bu onun karyerasının sonu kimi qəbul edilməməlidir. 
Nəzərə almaq lazımdır ki, daxili səsvermə deputatlıq siyahısının tərkibinin müəyyənləşdirilməsi üçündür. Siyahıda kimin adının neçənci olacağı isə tam başqa prosedurla müəyyən olunacaq. 
Bir məsələni də xatırladım ki, daxili səsvermədə bəzi gözlənilməzliklər də olub. Məsələn, “Yerkrapa” könüllülər birliyinin rəhbəri Sasun Mikaelyanın, Vedi şəhərinin meri Qarik Sarkisyanın siyahıya düşmək üçün lazımi səs toplaya bilməməsi daxili siyasi prosesləri izləyən erməni politoloqlar üçün daha çox gözlənilməz olub".