Qərəzli Qərb Azərbaycanın COP29-a ev sahibliyi etməsini həzm edə bilmir -ANALİZ

Əsas problem siyasi eqoizmdir



  COP29 öncəsi və tədbir zamanı bəzi Qərb ölkələri tərəfindən Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya aparıldı. Ümumulikdə ölkəmizə qarşı bütün bu kampaniya hibrid müharibənin ən eybəcər forması idi. Aydın görünür ki, qərəzli Qərb Azərbaycanın dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmir. Bu azmış kimi Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışır. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya ictimaiyyəti, inkişaf etməkdə olan ölkələr Qərbdən 1 trilyon dollar vəsait gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Özü də qəsdən bu rəqəmi tədbirin ən son günündə açıqladılar ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Reallıq odur ki, bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır.

  Millət vəkili Tahir Mirkişili "Sherg.az"a deyib ki, onsuz da COP29 çərçivəsində maliyyə məsələləri ilə bağlı danışıqların asan olacağını heç kim gözləmirdi. Artıq 28 ildir ki, bu danışıqlar gedir və prosesin ən çətin və mürəkkəb hissəsi məhz maliyyə tərəfidir. Deputatın sözlərinə görə, ümumiyyətlə dünyada ən çətin razılaşma mərhələsində olan məsələlərdən biri maliyyə ilə bağlıdır: 
"Digər məsələləri rahat şəkildə müzakirə etmək, razılığa gəlmək mümkündür. Amma iş maliyyə məsələlərinə gəldikdə dövlətlər konservativ, bir çox hallarda isə maraqlar çox sərt şəkildə önə çıxır. Bu baxımdan məhz Azərbaycanda keçirilən COP29-da maliyyə məsələlərinin müzakirəsi və maliyyənin razılaşdırılması ilə bağlı məsələ kifayət qədər mürəkkəb proses olmaqla yanaşı, həm də çox ümidlərin Azərbaycana yönəlməsinə səbəb olmuşdu. Təbii ki, Azərbaycan ilk dəfə idi ki, bu həcmdə tədbirə ev sahibliyi edirdi. İlk dəfədir ki, nəinki ev sahibliyi, hətta tədbirə prezidentlik edirik. İlk dəfədir ki, ölkəmiz dünyanı maraqlandıran problemin həllində birbaşa iştirak edir, öz həllimizi, köməyimizi təklif edirik. Azərbaycan müxtəlif qrupların bir yerə gətirilməsi, ümumi məqsədin tapılması yönündə də öz dəstəyini əsirgəmir. Hökumətimiz, QHT-lər müxtəlif tərəflər görüşərək mövqelərin yaxınlaşması yönündə Azərbaycanın baxışını ortaya qoyublar. Əslində maliyyədən başqa COP29 çərçivəsində ötən dövr ərzində kifayət qədər nəticələr də əldə olunub. Məsələn, dünyada metan qazı buraxan və təxminən Yer kürəsinin 50 faizdən çox ölkəsini çirkləndirən 30 dövlətin bəyanat verməsi və bunu 2030-cu ilədək 30 faiz azaldacaqlarını vurğulaması olduqca mühüm razılaşmadır. Eyni zamanda könüllü milli töhfələrdə dövlətlərin öhdəliklərini 2030-cu ildən 2050-ci ilədək çəkməsi də önəmli irəliləyişdir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında "yaşıl dəhlizin" tikintisi ilə bağlı əldə edilən anlaşma da əhəmiyyətlidir. Azərbaycan, İtaliya və Misir arasında əldə olunan Aralıq Dənizi hövzəsində 1 teravatlıq yaşıl enerjinin istehsalı ilə bağlı razılaşma da bu istiqamətdə olduqca mühüm nəticələrdir". 

  Parlament üzvü vurğulayıb ki, bu prosesdə iki tərəf var - inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr: 
"Ümumi təhlükə bundan ibarətdir ki, artıq bütün dünya etiraf edir ki, 1.5 dərəcədən artıq Yer kürəsinin qızması fəlakətə səbəb ola bilər. Əgər biz heç nə etməsək, yaxın 10 ildə planetin qızınması təxminən 2.6 dərəcə ola bilər. Buna imkan verməmək üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını artırmalıdır. Sonuncu razılaşma COP28-də olmuşdu və ildə 100 milyard dollarlıq maliyyə yardımı ayrılması qərara alınmışdı. Hazırda inkişaf etməkdə olan ölkələrin tələbi təxminən 1.5 trilyon dollardır. Amma inkişaf etmiş ölkələrin son bəyanatda da göstərildiyi kimi təklif etdikləri məbləğ 250 milyard dollara yaxındır. İnkişaf etməkdə olan ölkələr buna sərt şəkildə qarşı çıxılar. Hər iki qrup arasında çox ciddi şəkildə ziddiyyət var. BMT baş katibi də çağırış edib ki, nəticə olmadan Bakını tərk etməsinlər. 250 milyard dollar tələb olunan rəqəmin dörddə biridir. Ümumi hesablamaya görə, problemlərin qarşısını almaq üçün tələb olunan vəsait ildə 1.3 trilyon dollara yaxındır. Hər il dünyada hərbi xərclərə təxminən 2.4 trilyon dollar vəsait xərclənir. Dünya əhalisi geyim və moda sənayesinə 2 trilyondan çox vəsait sərf edir. Bu o deməkdir ki, inkişaf etmiş ölkələrdə tələb olunan vəsait var və sadəcə onu doğru istiqamətə yönləndirmək lazımdır. Burada əsas problem siyasi eqoizmdir. Razılaşmanın əldə olunmasından ən böyük maneə də siyasi məsuliyyətsizlikdir. Bəzi Qərbi Avropa ölkələrində hakim koalisiyalar dağılmaqdadır".