Yerli vaxtla saat 14:00-da Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə seçicilərin 55,47 faizi səs hüququndan istifadə edib.
Bu barədə AZƏRTAC Belarus Mərkəzi Seçki Komissiyasının saytına istinadla xəbər verir.
Bununla da, Belarusda parlament seçkiləri baş tutmuş hesab edilir. Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.
Səsvermə yerli vaxtla 20:00-da başa çatacaq.
Xatırladaq ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə mindən artıq beynəlxalq müşahidəçi iştirak edir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən təmsil olunur. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.
Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də var.
Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39,41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28,56 faiz) qeydə alınıb.