Marqvelaşvili İvanişviliyə qarşı: "O, xalqı aldatdı"

Müxalifət öz məqsədinə çatmaq üçün gərək bir yerdə qalsın, amma bu mübarizə bir-iki günə nəticə verməyəcək.

Axar.az xəbər verir ki, bunu “Pirveli” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili deyib.

“Taktika mənim üçün vacib deyil. Müxalifətin birliyinin pozulmaması üçün əsas məsələ strateji hədəfdir. Bu, müxalifətin dəyərlər ətrafında birləşdiyi ilk haldır”, – deyə o bildirib.

Marqvelaşvili Gürcüstanda seçki reformunun uğursuzluğunu fırıldaqçılıq adlandırıb. O, vətəndaşların Gürcü Arzusu Partiyasının təhqiriylə barışmaması gərəkdiyini bildirib:

“Mən İvanişvili və Gürcü Arzusunun vəkili deyiləm. Fakt budur ki, fırıldaqçılıq olub. Budəfəki fırıldaqçılıq təhqiramiz olub. Gürcü xalqına bildirildi ki, siz bizi maraqlandırmırsınız, siz bizim üçün vacib deyilsiniz. Əgər cəmiyyət bunu qəbul etsə, o zaman biz heç bir şikayət etməməliyik”.