Beynəlxalq Respublikaçılar İnstitutu Gürcüstanda 2019-cu ilin iyunundakı antirusiya etiraz aksiyalarından (“Qavrilov olayı”) sonra ilk sorğusunu dərc edib. Axar.az xəbər verir ki, yeni sorğuda Gürcüstan hakimiyyətinin reytinqinin kəskin endiyi əks olunub. Sorğuya əsasən, hazırda heç bir partiya ölkədə tam üstünlüyə sahib deyil. Bununla belə partiyaların seçiciləri iqtisadi problemlərin həlli yolunu təklif etməklə özlərinə cəlb edə biləcəyi qeyd edilib.
Hazırda əhalinin böyük hissəsi hələ də ölkənin ən böyük problemi kimi işsizlik və yoxsulluğu görür. Bu fikri respondentlərin 80%-i müdafiə edir. 61% seçici isə düşünür ki, parlament seçkisində partiyaların iqtisadi proqramına əsasən səs verəcək.
Sorğuya əsasən, cəmi 23% respondent "Gürcü arzusu"na səs verməyə hazır olduğunu bildirib. Müxalifəti dəstəkləyənlərin sayı isə 41% təşkil edib. Ümumilikdə müxalifət partiyaları arasında ən çox dəstəyin Vahid Milli Hərəkata verildiyi vurğulanıb. Vahid Milli Hərəkat Partiyasını 15%, Avropa Gürcüstanı Partiyasını 5%, Leyborist Partiyasını 5%, Vətənpərvərlər Alyansını 4%, Vətəndaş Hərəkatını 3%, Demokratik Hərəkatı (Nino Burcanadze) 2%, Lelonu (Mamuka Xazaradze) 2%, Qirçini 1% dəstəkləyib.
Partiyaların neqativ reytinqinə də Gürcü Arzusu rəhbərlik edib. Belə ki, respondentlərin 30%-i səslərini heç vaxt Bidzina İvanişviliyə verməyəcəyini bildirib.
Əgər yeni hökumətin formalaşdırılması zamanı koalisiyaya ehtiyac duyularsa, gürcülərin 28%-i bunun üçün Avropa Gürcüstanı Partiyasına üstünlük verilməsi gərəkdiyini söyləyib. Koalisiya ortağı kimi Vahid Milli Hərəkat Partiyasını respondentlərin 25%-i, "Gürcü arzusu" Partiyasını isə 24%-i görmək istədiyini bildirib.
Sorğuda həmçinin ölkənin ən neqativ reytinqli siyasətçilərinin də siyahısı müəyyən edilib. Siyahıya 70% səslə Salome Zurabişvili rəhbərlik edib. Ondan sonrakı yerdə ultraliberal Qirçi Partiyasının lideri Zurab Caparidze (66%), Vətənpərvərlər Alyansının lideri İrma İnaşvili (59%), Demokratik Hərəkatın lideri Nino Burcanadze (59%), Baş nazir Gerogi Qaxariya (59%), Avropa Gürcüstanı Partiyasının baş katibi, Tiflisin eks-meri Uqulava (59%), Gürcü Arzusunun lideri İvanişvili (57%), Vahid Milli Hərəkat Partiyasının lideri Vaşadze (50%) qərarlaşıb.
İvanişviliyə müsbət münasibət cəmi 32% təşkil edib. Vaşadze isə respondentlərin 41%-ni yanına çəkə bilib.
Müsbət münasibət bəslənənlərin siyahısına Avropa Gürcüstanı Partiyasının lideri David Bakradze (57%) rəhbərlik edib. İlk üçlüyü Tiflis meri Kaxa Kaladze (49%) və eks-spiker David Usupaşvili (47%) tamamlayıb.
Ümumilikdə ölkədə seçki reformları keçirərək, proporsional sistemə keçməyi əhalinin 78%-i dəstəkləyib.