İran ordusu, İran körfəzi və Hörmüz boğazında genişmiqyaslı əməliyyatlara başlayıb. Xarici məbuat xəbər verir ki, İranın bu əməliyyatlara, hava məkanını mümkün düşmən hücumlarından müdafiə etmək prosesini sınaqdan keçirmək məqsədi ilə başladığı bildirilib.
İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Əli Rza Səbahifərd təlimlərdə real müharibə şərtlərinin tətbiq ediləcəyini deyib. Belə ki, təlimin birinci mərhələsi düşmən hədəflərinin aşkarlanması, ikinci mərhələ isə müdafiə xarakteri daşıyacaq.
Səbahifərd İran körfəzi və Hörmüz boğazında yerli hava müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və müxtəlif növ raketlərin sınaqdan keçiriləcəyini bildirib.
Qeyd edək ki, İran iyun ayında Hörmüz boğazında hava məkanını pozduğuna görə ABŞ-ın RQ-4 tipli pilotsuz uçuş aparatını vurmuşdu.