Dünyada silahlanma yarışı yenidən başlayıb və yarışda Rusiya ön plana çıxmağı planlaşdırır. Bir neçə gün əvvəl dünyanı qorxuya salan “Avanqard” raketi orduya verildikdən sonra indi də beşinci nəsil “Su-57” döyüş təyyarələri üçün yeni silah növlərinin yaradılması üzərində işlər aparılır.
“RİA Novosti”yə bu barədə RF Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar deyib.
Onun sözlərinə görə, hazırda qırıcının mühərrikinin ikinci mərhələsinin sınaqları həyata keçirilir.
“Su-57” çox sayda yeni silahdan istifadə edə biləcək. Sözügedən silahların bəziləri artıq hazırdır, bəziləri isə hazırlanır. Bundan sonra da qırıcı ilə bağlı yeni testlər davam edəcək”, - deyə o bildirib.
Slyusar həmçinin qeyd edib ki, təkmilləşdirmə işlərində Xabarovsk yaxınlığında qəzaya uğrayan “Su-57”nin qalıqları üzərində iş aparan komissiyanın hesabatlarından geniş şəkildə istifadə olunacaq.
Qeyd edək ki, “Su-57” qırıcıları gizli texnologiyalar əsasında hazırlanıb və hər cür hava, yer, həmçinin suüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Təyyarə hazırda dünyadakı analoqlarına nisbətən ən maksimal uçuş yüksəkliyinə malikdir.