Son 50 ildən artıq müddətdə ilk dəfədir ki, ABŞ-da “öz əcəli ilə” evlərində ölən adamların sayı xəstəxanalarda eyni səbəblərə görə ölənlərdən çoxdur.
“The New England Journal of Medicine” tibb jurnalında dərc edilmiş yeni araşdırmaya görə 2017-ci ildə fizioloji ölümlərin 29,8 faizi xəstəxanalarda, 30,7 faizi isə evlərdə baş verib. Bu da məlum olub ki, təbii səbəblər üzündən ölənlərin 20,8 faizi qocalar evində dünyasını dəyişib.
“OhioHealth” palliativ yardım müəssisəsinin tibbi məsələlər üzrə vitse-prezidenti Çarlz fon Quntenin sözlərinə görə, xəstəxanalar ilə evlər arasında bu kiçik fərq insanların ölümünün yaxınlaşmasına münasibətin dəyişməsi göstəricisidir. Fon Qunten bu araşdırmanın nəticələrini müzakirə edərək vurğulayıb ki, növbəti illərdə evdə ölən insanların faiz nisbətinin artacağı gözlənilir. O deyib: “Əvvəllər hər bir insanın ölümü gözlənilməzlik sayılır və adamların çoxu fikirləşirdi ki, ölüm ayağında olanları təcili xəstəxanaya göndərmək lazımdır”. Onun sözlərinə görə, indi ömrünün sonunu gözləyən insanlar ölüm mövzusunu tez-tez müzakirə etməyə başlayıblar. Bu müzakirələr zamanı insanlar həyatının son günlərini və ya aylarını evdə keçirməyə üstünlük verdiklərini bildirirlər. Araşdırmada göstərilir ki, 2017-ci ildə dünyasını dəyişmiş Amerika sakinlərinin təqribən 8,3 faizi palliativ yardım müəssisələrində olublar.
Ahıl adamlara onların evlərində qulluq göstərilməsinə kömək edən “Komfort himayədarlar” şirkətinin inzibatçısı Cennin Harrisin sözlərinə görə, həyatının sonu yaxınlaşan insanlar özlərinin və ailə üzvlərinin rahatlığını böyük üstünlük sayırlar. C.Harris bildirib ki, həyatı sona yaxınlaşan insanlarla səmimi rəftar və onların rahatlığı baxımından, ən münasib məkan öz evləridir. (Azərtac)