İspaniyada güclü fırtınalar qlobal istiləşmə ilə bağlıdır


Qlobal iqlim dəyişiklikləri səbəbindən “Qloriya” fırtınası kimi hava hadisələri İspaniyada daha tez-tez baş verəcək. Bu barədə İspaniya Coğrafiyaçıları Assosiasiyasının rəhbəri Xorxe Olsina xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, X.Olsinanın sözlərinə görə, “Qloriya” fırtınası Şimali Atlantik hava axınındakı dəyişikliklərlə birbaşa bağlıdır. Bu hava axını daha aşağı yüksəkliklərdə dövr etməyə başlayır və Avropaya qeyri-səciyyəvi hava şəraiti gətirir. Bu, bilavasitə qlobal istiləşmə ilə bağlıdır.

“Qloriya” fırtınası nəticəsində İspaniyada 13 nəfər həlak olub. Ölkədə hazırda yeni - “Siara” siklonu baş qaldırıb. X.Olsinanın proqnozlarına görə bu təbiət hadisələri daha tez-tez baş verəcək. “Bizim əlimizdən yalnız fırtınaya müqavimət göstərmək üçün hazırlaşmaq gəlir”, - deyə ekspert sözünə yekun vurub.