Polşada may ayına planlaşdırılan növbəti prezident seçkiləri yeni koronovirusun yayılması səbəbindən başqa vaxta keçirilə bilər.
AZƏRTAC Polşa mətbuatına istinadla xəbər verir ki, Prezident Anjey Duda seçkilərin vaxtının dəyişdiriləcəyini istisna etməyib. "Seçkilərin vaxtı təyin olunub və heç kim mayın 10-da nə baş verəcəyini bilmir. Əgər epidemiya yayılmağa davam etsə, biz hazırda qüvvədə olan nizam-intizama və məhduduiyyətlərə riayət edəcəyik. Mən seçkilərin planlaşdırılan vaxtda keçiriləcəyinə inanmıram", - deyə Anjey Duda Polşa televiziyasının efirində bildirib.
Polşada prezident seçkilərinin ilk turu mayın 10-da baş tutmalı idi. Lakin seçki kampaniyası bir neçə həftədir ki, koronovirus səbəbindən dondurulub. Siyasətçilərin əksəriyyəti, həmçinin müvafiq sorğunun nəticələrinə əsasən Polşa sakinlərinin 70 faizindən çoxu hesab edir ki, seçkilərin təxirə salınması vacibdir.
Son məlumat görə, Polşada koronovirusa yoluxan insanların sayı 1717 nəfərə, ölənlərin sayı isə 19 nəfərə çatıb. Hakimiyyət virusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə epidemiya rejimi elan edib, xarici vətəndaşlar üçün sərhədlər bağlanıb, Polşaya daxil olanlar üçün 14 günlük karantin rejimi tətbiq olunub. Ölkədə bütün təhsil, mədəniyyət və idman müəssisələri, restoranlar, ticarət mərkəzləri bağlanıb, sakinlərə ehtiyac yaranmadıqca evdən çıxmaq qadağan edilib.