Avropa İttifaqı sərhədlərindən kənarda olan fransızlar ölkəyə qayıdarkən könüllü olaraq 14 gün karantində olacaqlar.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Xarici İşlər naziri Jan-İv lö Dryan məlumat verib.
Bildirib ki, bu qayda yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə mayın 20-dən etibarən xaricdən ölkəyə qayıdan bütün fransızlara tətbiq ediləcək. İstəklərinə uyğun olaraq bu fransızlar 14 gün evlərində və ya seçdikləri məkanda təcrid olunacaqlar.
Qeyd edilib ki, martın 17-dən Avropa İttifaqına daxilolma qadağan edildiyindən, bu qayda qeyri-avropalılara aid deyil.
Fransa Xarici İşlər naziri dəqiqləşdirib ki, sanitar böhran başlayandan 186 min fransız ölkəyə qayıdıb.
J.-İ. Lö Dryan iyunun 15-dən sərhədlərlə bağlı qaydaların yumşaldılacağına ümid etdiyini bildirib. Diqqətə çatdırıb ki, qonşu ölkələrlə qarşılıqlı razılaşma əsasında sərhədlərin tədricən açılmasını müzakirə etmək olar.
“Düşünürəm ki, sərhədlərlə bağlı qaydaların ümumi yüngülləşdirilməsinə tədricən nail olunacaq. Ancaq indiyə qədər ailə motivi olanlar və ya evlərinə qayıdanlar Fransa və Aİ ölkələri arasında hərəkət edə bilirdilər,” – deyə nazir bildirib.