İslandiyanın hazırkı prezidenti ikinci müddətə dövlət başçısı seçilib


İslandiyanın hazırkı prezidenti Qudni Yohannesson ölkədə keçirilən prezident seçkilərində böyük üstünlüklə qələbə qazanıb.

AZƏRTAC İslandiya KİV-lərinə istinadla xəbər verir ki, Yohannesson seçkilərdə 92,2 faiz nəticə göstərərək ikinci müddətə prezident seçilib. Onun rəqibi isə yalnız 7,8 faiz səs toplaya bilib.

İyunun 27-də keçirilən prezident seçkilərində ölkənin 168 min 821 sakini (seçicilərin 66,9 faizi) iştirak edib.

Qudni Yohannessonun qələbəsi gözlənilməz olmayıb. Belə ki, heç bir partiyanın üzvü olmayan 52 yaşlı siyasətçi seçkilərin mütləq favoriti sayılırdı. O, ixtisasca tarixçidir, universitetdə rus və alman dillərini öyrənib. Yohannesson ilk dəfə 2016-cı ildə prezident seçilərək İslandiya tarixində ən cavan dövlət başçısı olub. Buna qədər isə İslandiya Universitetində tarix dərsi deyib.