Afrika İttifaqının sammitində qitə ölkələrində hərbi çevrilişlər pislənilib


Afrika İttifaqının Əddis-Əbəbədə keçirilmiş sammitinin qətnaməsində qitə ölkələrində artan hərbi çevrilişlər pislənilib və bəyan edilib ki, qanuni seçilmiş hakimiyyətlərin ordunun gücü ilə devrildiyi ölkələr ittifaqa üzvlükdən çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, Afrika İttifaqının təhlükəsizlik departamentinin rəhbəri sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında bütün iştirakçı ölkələrin hərbi çevrilişləri birmənalı olaraq pislədiyini bildirib. O əlavə edib ki, son bir il ərzində ittifaqın dörd üzv ölkəsi qanuni hakimiyyətlərin devrilməsi səbəbindən təşkilatdan xaric olunub.

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat sammitdən əvvəl üzv ölkələrin xarici işlər nazirlərinə etdiyi müraciətdə hərbi çevriliş tendensiyasından narahatlığını ifadə edib. O, Çad, Burkina-Faso, Mali, Qvineya və Sudanda konstitusiya qayda-qanunlarının bərpasının zəruriliyini vurğulayıb.