Putindən Makrona gözlənilməz sual: “Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz?!”

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron birgə mətbuat konfransında çıxış ediblər.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, V.Putin E.Makronla Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi təhlükəsizlik zəmanəti məsələsi ətrafında fikir mübadiləsi aparıb.
Görüşü faydalı dəyərləndirən V.Putin,  NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırdığını vurğulayıb. Rusiya lideri NATO və üzv ölkələrin Rusiya silahlı qüvvələrinin harada və necə yerləşdiriləcəyi ilə bağlı “dərs verməyə” çalışdığını bildirib.

Putin NATO ilə bağlı Ukraynaya da gözdağı verib. O, Ukraynanın NATO-ya daxil ediləcəyi təqdirdə müharibənin başlayacağına diqqət çəkib. Putin çıxışını belə davam etdirib:

“Ukraynanın doktrinal sənədlərində Rusiya “düşmən” kimi müəyyən edilib və Krımın hərbi yolla geri alınacağı bildirilir. Təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür. O zaman Rusiya ilə NATO arasında hərbi münaqişə yaranacaq. Biz NATO ilə döyüşmək istəyirikmi? Yoxsa, siz Rusiya ilə döyüşmək istəyirsiniz? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz?”
ABŞ və NATO ilə təhlükəsizlik təminatları ilə bağlı dialoqun sona çatmadığına diqqət çəkən Putin, bu məsələ ilə bağlı təkliflərinə cavab ala bilmədiklərini də xatırladıb.

Çimnaz Şahlar