Dünyanı heyran etdilər

Ukraynalı əsir rus əsgərlərinə şəfqət göstərir

   Ukraynalı qadınların təslim olan rus əsgərlərini isti çay, qida ilə doydurmasını əks etdirən videolar dünyanı heyran qoyub. Tvitter üzərindən paylaşılan görüntülər sosial şəbəkələrdə gündəmə çevirlib. Rusiya ordusundakı gənc və təcrübəsiz, hərbi təlim keçmədən qaynar nöqtələrə göndərilmiş əsgərlər Ukrayna vətəndaşları tərəfindən asan bir şəkildə yaxalanır. Lakin onlarla xoş davranılır. 

Ukraynaya nə üçün, hansı səbəbdən gəldiklərini anlamaqda çətinlik çəkən rus əsgərlərə Ukrayna xalqı şəfqətlə yanaşır. Videolarda görünür ki, ukraynalı qadınlar bir rus əsgərini əhatəyə alaraq onu təsəlli edirlər. 

Qadınlardan biri ona çay, şirniyyat verir. Başqa bir qadın əsgərin kürəyini sığallayaraq “hər şey yolundadır”, deyir. Əsgərə anasına zəng etmək üçün telefon verilir və o, anasını görəndə göz yaşlarını saxlaya bilmir. 

Qadınlardan biri əsgərin anasıyla danışır və “Allah səni qorusun, Nataşa. Yenə sənə zəng edəcəyik. Oğlun həyatdadır, salamatdır”, deyir. Bu görüntülər sosial şəbəkədə “Rus əsgərləri. Təslim olun. Ukrayna xalqı sizi doyuracaq”, sözləri ilə paylaşılıb.

 Bu cür görüntülər Ukraynaya insanların rəğbətini daha da artırır. Ukrayna Müdafiə Nazirliyi isə rusiyalı analara müraciətində “Kiyevə gəlib oğullarınızı təslim ala bilərsiniz. Biz ukraynalılar Putindən fərqli olaraq analar və əsir uşaqlarla savaşmırıq. Sizi Kiyevdə gözləyirik”, çağırışı edib.