“Radiasiya Rusiyanın harada olduğunu bilmir” - Zelenski rusiyalılara səsləndi


Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiya qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı rusiyalılara müraciət edib. Bildirib ki, onlar küçələrə çıxaraq yaşamaq istədiklərini söyləsinlər.

“Rusiya xalqı, mən sizə müraciət etmək istəyirəm, bu, necə mümkündür? Biz 1986-cı ildə Çernobıl fəlakətinin nəticələri ilə mübarizə apardıq. Partlayışlar nəticəsində qurbanları, Pripyatdan evakuasiyanı və 30 kilometrlik zonanı xatırlamalısınız. Bunu necə unutmaq olar?” - deyə o sualla müraciət edib.

Zelenski deyib ki, o faciəli günlərin xatirəsi hələ yaşayırsa, rusiyalılar öz hökumətlərinə yaşamaq istədiklərini deməlidirlər.

“Radiasiya Rusiyanın harada olduğunu bilmir”, - deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Rusiya qüvvələri gecə saatlarında Zaporojye AES-i vurub. Yanğın baş verib. Rusiyanın Zaporojye AES-ə nəzarəti ələ keçirdiyi məlum olub.

Mənbə: RBC