“Böyük iyirmilərin” toplantısı qərarsızdır

Bu platformada Rusiya və Çinin iştirakı ortaq qərarların qəbulunu çətinləşdirir

  İndoneziyanın Bali şəhərində “böyük iyirmilərin” xarici işlər nazirlərinin görüşü keçirilib. “Böyük iyirmilər”də Rusiya da təmsil olunub. Bu səbəbdən “böyük iyirmilər” iki qrupa bölünüb. Birinci qrupda Rusiyanı boykot edənlər, ikinci qrupda Rusiyanın tərəfdaşları yer alıblar. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə görə toplantıya qatılan xarici işlər nazirlərinin bir qismi rusiyalı həmkarları ilə görüşməyəcəklərini deyiblər. Qərb ölkələrinin bir qismi hətta Rusiyanın “böyük iyirmlər”dən uzaqlaşdırılmasını təklif edib. Böyük Britaniya, Almaniya, Fransa, Kanada, ABŞ, İtaliya və Yaponiyanın xarici işlər nazirləri rusiyalı həmkarlarıyla bir masada oturmamaq üçün ev sahibinin təşkil etdiyi ziyafətdə iştirak etməyiblər. Buna baxmayaraq, bir qisim ölkə bunun əleyhinə çıxaraq Rusiyanın tam təcrid edilməsinin doğru olmadığı qənaətindədir. 

  “Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu deyib ki, “Böyük iyirmilər” adətən qlobal mövzuları müzakirə edirlər. Analitikin sözlərinə görə, böyük dövlətlərin nazirləri dünyadakı iqtisadi problemi və pandemiya ilə mübarizənin hazırkı durumu ətrafında fikir mübadiləsi aparırlar: “Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dayandırılmasını tələb etsələr də, bunu rusiyalı nazirin iştirakıyla müzakirəsini mümkün hesab etmirlər. Nazirlər ikitərəfli görüşlər də həyata keçirirlər. Rusiyanın xarici işlər naziri çinli və türkiyəli həmkarlarıyla görüşüb. Sergey Lavrov ilk görüşü çinli həmkarı Van Yi ilə keçirməklə Moskva-Pekin münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini vurğulamağa çalışıb. Kreml Çini yanında tutmağa çalışır. Ancaq bu, asan deyil. Çünki Pekin Kremldən fərqli olaraq Qərblə bütün körpülərini yandırmaq istəmir. Çin lideri Tsi Sinpinin koronavirus bəhanəsi ilə Moskvaya səfərdən imtina etməsi Kremlin narahatlığına səbəb olub”.
  E.Şahinoğlu bəyan edib ki, Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə Ukraynadakı və Qara dəniz ətrafındakı vəziyyəti müzakirə edib: “Ankara əvvəlkitək Ukrayna taxılının təhlükəsiz şəraitdə dünya bazarlarına çıxarılmasını təmin etməyə çalışır. Hələ ki, bu alınmır. Rəsmi Kiyevin son zamanlar Türkiyəyə münasibəti bir qədər dəyişib. Kiyev şübhələnir ki, Rusiya Ukraynadan oğurladığı taxılı Türkiyənin limanlarına daşıyır və guya, Ankara buna göz yumur. Bu məsələ ilə bağlı Türkiyənin səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağrılıb. Ukraynanın Türkiyədəki səfiri də son zamanlar iki ölkə arasındakı münasibətlərdə suallar yaradan məqamlara toxunub. Kiyev Ankaranın Moskva ilə dialoqu davam etdirməsindən narahatdır. Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Bunun siyasi və iqtisadi səbəbləri var. Beləliklə, “böyük iyirmilərin” toplantısı sadəcə simvolik əhəmiyyət daşıyır. “Böyük yeddilər”də fikir birliyi mövcuddur və orada ortaq qərarlar qəbul etmək asandır. “Böyük iyirmilər”də Rusiya və Çinin iştirakı ortaq qərarların qəbulunu çətinləşdirir”.