"Yunanıstanı Türkiyə ilə münasibətləri gərginləşdirməyə təhrik edən dövlət ABŞ-dır. Türkiyə getdikcə güclənir, daha müstəqil geosiyasət yürüdür. ABŞ isə qlobal səviyyədə oyun quran dövlətə çevrilən Türkiyənin qarşısını almağa çalışır".
Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi şərhçi bildirib ki, ABŞ Yunanıstanı öz hərbi bazası sayır:
"Yunanıstanın hər yerində, Türkiyənin bir neçə kilometrliyində ABŞ-ın hərbi bazaları var. Türkiyənin yaxınlığında yerləşən adalarda Yunanıstan hərbiləşdirilmə prosesi başladıb. Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) görüntüləri qeyd alıb. Türkiyə - Yunanıstan münasibətləri daha gərgin müstəvidə irəliləyir. Türkiyə vəziyyətin süni şəkildə ABŞ tərəfindən təhrik edildiyini yaxşı başa düşür və ABŞ-ın tələsinə düşməyəcək. Rəsmi Ankara Rusiyanın Ukraynada buraxdığı səhvləri təkrarlamaq istəmir. Qardaş ölkənin hərbi qüdrəti Yunanıstandan dəfələrlə çoxdur".
Politoloqun fikrincə, Yunanıstan iqtisadi cəhətdən də zəifdir, müflis ölkədir. Avropa Birliyinin verdiyi kreditlər hesabına dolanır:
"Yunanıstan 2060-cı ilədək borc ödəyəcək. Müflis olan ölkə ABŞ-dan 17 milyard dollar məbləğində ən müasir silahları necə ala bilər?! Türkiyə gerçəkləri görür. Müharibə Yunanıstan üçün böyük faciələrlə nəticələnəcək. Yunanıstanda parlament seçkiləri keçiriləcək. Baş nazir Kiryakos Miçotakisin reytinqi aşağıdır. Türkiyə ilə gərginlik yaradaraq Yunanıstanda faşist qüvvələrin rəyini öyrənməyə çalışır. Növbəti dəfə hakimiyyətdə qalmaq istəyir. Yunanıstan K. Miçotakis başda olmaqla, əksər siyasi dairələr anlayır ki, Türkiyə ilə müharibə aparmağın Yunanıstanın boyunu aşan məsələdir. Türkiyə müharibəni başladan tərəf olmayacaq. Yunanıstan da seçkilərə qədər belə bir təhrikə getməyəcək. Çünki yunan siyasi dairələri bunu dəstəkləməyəcək. Baş nazir üçün seçkiyə qədər arzuolunmaz situasiya yarada bilər. Seçkiyə qədər müharibənin başlayacağını düşünmürəm. Yəqin Miçotakisi ağlasığmaz faciələrdən döndərməkdən ötrü Yunanıstanda ağıllı adamlar tapılacaq".
Qeyd edək ki, 2022-ci ilin yazından etibarən Türkiyə və Yunanıstan arasında siyasi münasibətlər getdikcə gərginləşməyə başlayıb. Mətbuata son açıqlamalar iki ölkə arasında gərginliyin təhlükəli həddə çatmasından xəbər verir. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə öz hüquq və mənafelərini müdafiə etmək üçün əlində olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcək. Kiminsə ətəyi altında gizlənmək şərəfli iş deyil.