Rusiyada MDB ölkələrindən olan miqrantlar səfərbərliyə cəlb olunacaqlar? –  GÖRÜŞ

Sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin və MDB dövlətlərinin kəşfiyyat xidmətlərinin rəhbərləri onlayn formatda görüşəcəklər.
 Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələri iştirak edəcəklər. 
Növbəti gün isə Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin iclası keçiriləcək.

Görüşü şərh edən politoloq Samir Hümbətov “Sherg.az” a bildirib ki, bu, heç də təsadüfi deyil:
“Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiyanın bu savaşdakı məğlubiyyəti artıq sürətlənir. Bu da rəsmi Moskvanın beynəlxalq nüfuzunun ciddi şəkildə zədələnməsi deməkdir. Cənubi Qafqazdakı proseslər də demək olar ki, nəzarətdən çıxmaq üzrədir. Ermənistanın tez-tez atəşkəsi pozması regionda gərginliyin artmasına səbəb olub. Digər tərəfdən isə Mərkəzi Asiyada Qırğızıstan-Tacikistan arasındakı gərginlik yüksək həddə çatmaqdadır. Mütəmadi olaraq orda da sərhəd toqquşmaları baş verir. Başqa bir şəkildə Baltikyanı ölkələrdən aşağıda Ukrayna sərhədinə qədər olan ərazilərdə də vəziyyət yaxşı görsənmir. Eyni zamanda Gürcüstan da narahatlıq hiss olunur. Cənubi Osetiya və Abxaziya ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Düşünürəm ki, Putinin belə bir addım atmasının əsas səbəbi bütün bu proseslərdir. Yəqin ki, onda  Qərb ölkələri və yaxud da ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətinin bu ərazilərdə prosesləri yenidən alovlandırmağa çalışması ilə bağlı məlumatlar var. Bu da təbii ki, Rusiyanın təhlükəsizliyi üçün böyük təhdiddir”.

S.Hümbətov onu da əlavə edib ki, indi Rusiya daxilində artıq bir neçə şəhərdə türk, müsəlman əsilli şəxslərin yaşadığı bölgələrdə gərginliklər ən yüksək səviyyəyə çatıb:
“Səbəb isə sentyabrın 21-də Rusiya prezidentinin qismən səfərbərliklə bağlı verdiyi sərəncamdır. Burda bir başqa nüans isə Rusiyada xeyli sayda MDB ölkələrindən olan miqrantların yaşamasıdır. Yayılan məlumatlara görə onların ordu sıralarına cəlb olunması gözlənilir. Düşünürəm ki, Putinin belə bir görüş keçirməsi ilk növbədə onun bütün bu məsələlər aydınlıq gətirmək istəyi ilə bağlıdır. O postsovet ölkələrinin Rusiyaya qarşı artan təzyiq fonunda hansı reaksiya verməsini müşahidə etmək istəyir. Putinin özü də keçmiş KKB agentidir. Hər halda KKB agentinin digər təhlükəsizlik orqanlarının nümayəndələri ilə sözünün uyğunlaşması daha rahat olur. Səhv etmirəmsə, belə bir görüş ilk dəfədir keçirilir”.