Moskvadakı dövlət kabinetlərində “müharibə” – “Putin nüfuzdan salınır, hakimiyyət..."

"...uğrunda savaş ordu ilə FSB komandası adlanan qrup arasında gedir"

“Patruşev oğlunu növbəti prezident etmək istəyir”


"Bölgə qaynayır: Rusiya, İran, Çin siyasi meydana atılıblar.  Və bu hələ başlanğıcdır. Ən qorxulusu isə Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi barədə söhbətlərin artmasıdır. Sanki insanları buna hazırlayırlar. Lakin təsəlliverəcək bir məqam var. Rusiya ordusu Baş Qərargahının generalları artıq gələcəyə baxırlar".

Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu deyib.

Politoloq bildirib ki, Rusiya ordusunun təklifi əsasında Prezident Vladimir Putinin qərarı ilə elan olunmuş biabırçı səfərbərlik sırf siyasi aksiyadır. Putinin tam nüfuzdan salınmasına hesablanıb:
"Gələcəyə baxanlar isə törətdiklərindən daha ağır cinayətlər törədib əlavə məsuliyyət götürmək istəməzlər. Ən azı məntiq belə deyir. Rusiyalı analitiklərin dediklərinə inansaq, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şərti olaraq FSB komandası adlanan qrupu arasında gedir. Patruşev oğlunu növbəti prezident etmək istəyir. 

 Kremlin sahibi də bunu anlayır. Amma  görünür müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır.

Bir sıra Rusiya mənbələri Nikolay Patruşevin hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq apardığını söyləyir. Onların arasında Çinin, ABŞ-ın və Türkiyənin olduğu vurğulanır. Hər bir halda Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur".

Qeyd edək ki, Ukrayna ilə müharibə aparan Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.