Putin geri çəkilmək niyyətində deyil

Moskva hərb variantını təzyiqedici mexanizm kimi böyüdərək Ukraynanı niyyətinin ölçüsü barədə xəbərdar edir

"Sülh danışıqları məqbul variantdır, lakin tərəflərin müharibəni sonlandıra biləcək gündəliyi daban-dabana ziddiyyətlərlə doludur"

  "Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin nəticələrinin Moskvanın xeyrinə yekunlaşdırılması üçün tapşırıqlar paketini hakim zümrə qarşısına qoyur". Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert vurğulayıb ki, Putin Ukraynadakı müharibəyə dair elita arasında dəstəyin olmamasından narahatdır və onlara müxtəlif təzyiqlər edilməsi mümkündür: "Rusiyanın Ukraynadakı taktiki məğlubiyyətləri Moskvanın hiddətini artırır və Putin nə olursa-olsun, Kiyevi məğlub etməkdən ötrü müxtəlif yollar axtarır. 

Hələlik isə Rusiya cəbhədəki uğurlarını göstərmək üçün Baxmut bölgəsində keçirdiyi hərbi əməliyyatları kuliminasiya nöqtəsinə yaxınlaşdırmağı hədəfləyir.

 Təbii ki, Qərblə danışıqlara getmək, Ukrayna ərazisinin didilməsi kampaniyasının “xeyir”ləri barədə fikirlərə NATO-nu inandırmaq da Moskvanın “sülh gündəliyi”nin məzmununda yer alır. Ukraynadakı müharibəni, onun gedişatlarını və nəticələrə dair proqnozları səthi təsviri ifadələrlə izah etmək düzgün deyil. Çünki şiddətli döyüşlər davam etdikcə dünya siyasi nizamı hər atılan mərmi ilə bir pillə geriyə gedir. Ukrayna beynəlxalq münasibətlər sisteminin dağıdılaraq onun yerində yenisinin inşa edilməsi cəhdlərinin sınandığı meydandır. Ukrayna öz ərazi bütövlüyü və suverenliyinin təmini üçün müdafiə qalxanını qaldırsa da, cəbhədə bir sıra uğurlar əldə etsə də, hələ Kiyevin qələbəsindən danışmaq çox tezdir. Qarşıda min kilometrlərlə uzanan işğal zolağını yarmaq vəzifəsi dayanır. Rusiya işğal zonasının müdafiəsini gücləndirir. Qərbin Ukraynaya verdiyi silahlar və Kiyevin əks-hücum əməliyyatları nəticəsində həmin əraziləri itirəcəyindən ehtiyatlanır".

  A.Kərimov qeyd edib ki, Rusiyanın qorxuqarışıq ehtiyatları arta-arta Kremldə saraydaxili didişmələr və vəzifələr uğrunda savaşa çevrilir: 

"İndi müdafiə naziri Sergey Şoyqu, baş qərargah rəisi Valeri Gerasimovun vəzifələrinə göz dikənlər az deyil. Putinin casus ovuna çıxması isə vəzifə hərislərinin xeyrinədir. Onlar indi devirmək istədikləri şəxslər haqqında kompromat toplamaqla, Ukraynadakı savaşın cari nəticələrinin günahını kimlərəsə yükləməklə məşğuldurlar. Hərçənd, elə ali mənsəb yiyələrinin özlərinin də günahı az deyil. Ukraynadakı müharibə Kiyevi bir başqa, Moskvanı isə məzmunca fərqli tilsimli dairənin içərisinə itələyir. Lakin kənar müşahidəçilər bu tamaşanı seyr edərək daha çox özlərinə ziyan gəlməməsini düşünür və qazanclarını bollaşdırırlar. Moskvanın hədələrinin limiti keçdikdə isə NATO bir qədər geri çəkilir və Ukraynanı danışıqlara qoşmaq üçün əlindən gələni edir. Sülh danışıqları məqbul variantdır, lakin tərəflərin müharibəni sonlandıra biləcək gündəliyi daban-dabana ziddiyyətlərlə doludur. Rusiya isə belə bir məqamda yenidən Belarus ərazisindən Ukraynanın şimalına hücumlar etməyi planlaşdırır. Rusiya ilə Qərb arasında gizli təmaslarda nəticə hasil olunmur. 

Moskva hərb variantını təzyiqedici mexanizm kimi böyüdərək Ukraynanı niyyətinin ölçüsü barədə xəbərdar edir. Rusiya Baxmutu tuta bilsə, bu, Ukrayna üçün çətin olacaq və mümkündür ki, bundan sonra müharibə tərəfləri yorğun düşən qüvvələri “dincəlməyə” göndərəcəklər. 

Ancaq Rusiya bir yerdə uğur qazananda digər yerdən zərbə alır, Ukraynanın hərbi əməliyyat planlarının Qərbdə effektiv hazırlanması üçün işlərin getdiyini deyə bilərik. Yəni hadisələrin hansı axara girəcəyi Rusiyanın hücum, Ukraynanın əks-hücum əməliyyatlarının miqyasından və nəticələrindən asılı olaraq qalmaqdadır".