Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhodcayev mətbuat konfransında dünən ölkədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticələrini açıqlayıb. Nizamhodcayev xatırladıb ki, referendumda seçicilərə “Konstitusiya dəyişikliyini qəbul edirsinizmi” sualı verilib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Nizamhodcayev qeydiyyatda olan 19 milyon 700 mindən çox insanın 16 milyon 673 mininin ümumilikdə 10 min 761 seçki qutusunda səs verdiyini bildirib.
O vurğulayıb ki, referendumun nəticələrinə əsasən, seçicilərin 90,21 faizi konstitusiya dəyişikliyinə “hə”, 9,35 faizi isə “yox” cavabını verib.
Qeyd edək ki, Konstitusiya dəyişikliyi ilə 1992-ci ildə qəbul edilən konstitusiyanın 65 faizi yenilənəcək.
Həmçinin maddələrinin sayının 128-dən 155-ə qaldırıldığı yeni konstitusiyada Özbəkistan parlamentinin yuxarı palatası olan senat üzvlərinin sayı 100-dən 65-ə endiriləcək və prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılacaq.
Bununla yanaşı Konstitusiya dəyişikliyi ilə ölüm cəzası və Özbəkistan vətəndaşlarının xarici ölkəyə ekstradisiyası da qadağan edilib.
Mənbə: Hürriyət qazeti