Bir neçə gün bundan öncə Rusiya prezidentinin Kremldəki iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsinə cəhd olub.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə dövlət başçısı Vladimir Putinə Kiyev tərəfindən sui-qəsd cəhdi kimi qiymətləndirilib.
Elektron müdafiə sistemlərindən istifadə etməklə vaxtında görülən tədbirlər nəticəsində pilotsuz uçuş aparatları sıradan çıxarılıb.
Kremlin Mətbuat Xidmətindən əlavə edilib ki, Moskva Kiyevin Kremlə zərbə endirmək cəhdinə “harada və nə vaxt” cavab vermək hüququnu özündə saxlayır.
Həmçinin Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna PUA-larının hücum cəhdi zamanı Kremldə olmayıb.
Hadisəyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, Kremlə Ukrayna tərəfindən hücum olunması iddiası hər iki variantda Rusiyanın əleyhinədir:
" Yəni hadisəni rus hərbi-siyasi texnoloqlar planlaşdırıbsa, bununla Rusiya ziyan vurublar. Çünki Rusiya dünyada bir neçə nəhəng dövlətdən biridir və Ukrayna savaşı başlamazdan əvvəl ikinci güclü orduya sahib olduğu bildirilirdi. İndi isə Ukraynada məğlub durumdadır. Bu mənada Rusiya kimi böyük dövlətin əsas binasına dronla hücum olunması, onların müdafiə qabiliyyətinin nə qədər zəif olduğunu göstərir. Yəni Moskvanın onsuz da cızılmış beynəlxalq xarizmasını, yerlə-yeksan edir".
Analitik əlavə edib ki, bu həqiqət olsa belə, Rusiya üçün daha ağır faciədir:
"Ancaq tam fikri görüntülərin araşdırılmasından sonra demək olacaq. Çünki videoda müəyyən şübhəli məqamların olduğu bildirilir. Digər tərəfdən indiki məqamda Ukraynanın Kremlə hücumda marağı yoxdur. Çünki onlar əks-hücum əməliyyatlarına hazırlaşır. Bəzi ehtimallara görə Rusiya bu dron hadisəsini imitasiya etməklə, Ukraynaya qarşı nüvə zərbəsi endirmək bəhanəsini qazanmaq istəyir. Ona görə ki, burada Putinə qarşı sui-qəsd planı önə çıxardılır. Dövlət başçısına qarşı sui-qəsd cəhdinin olması isə onların əlinə “kozır” verə bilər. Ancaq Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməyə cəsarətinin çatmayacağını düşünürəm. Çünki bu halda Moskva dünyanı qarşısına almalı olacaq. Ümumiyyətlə nüvə zərbəsindən sonra dünyada hər şey dəyişəcək".