Norveçdən əsgər qərarı: Bizə daha çox insan lazımdır

Norveçin müdafiə naziri Byorn Arild Qram açıqlamasında daha çox peşəkar ordu təcrübəsi olan insanlara ehtiyac duyduqlarını bildirib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, nazir Qram "Doğru zamanda lazımi bacarıqlara malik kifayət qədər insanımız olmalıdır" deyib.
Hərbi xidmətə giriş səviyyəsinin hər il tədricən artacağını ifadə edən Qram, paytaxt Oslonun şimalında yerləşən Terningmoen şəhərindəki ordu obyektinə yüz milyonlarla dollar sərmayə qoyacaqlarını xəbər verib.
 Norveçin NTB xəbər agentliyi qeyd edib ki, məqsəd hazırda 9 min olan silah altındakı əsgərlərin sayını 2036-cı ildə 13 min 500-ə çatdırmaqdır. 
Qeyd edək ki, ölkədə hərbi xidmət icbari olsa da, əsgərlər onlayn qiymətləndirmədən sonra fiziki testlərlə qəbul olunurlar.
Danimarka da mart ayında ölkədə qadınları məcburi hərbi xidmətə cəlb etməklə və xidmət müddətini 4 aydan 11 aya çatdırmaqla silah altında olan gənclərin sayını artırmaq istədiklərini bildirmişdi.