Politoloq: Tramp İsrailə daha isti münasibət bəsləyir

O, prezident seçilsə də, ABŞ-nin İranla münasibətləri normallaşmayacaq
 

 Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, İranla dostluq münasibətləri qura biləcək. O bildirib ki, İranla pis davranmaq istəmir: "Ümid edirəm ki, biz İranla dost münasibətdə olacağıq. Ola bilsin ki, ölkələr arasında münasibətlər düzələcək, bəlkə də yox”. Tramp həmçinin deyib ki, yaxşı münasibətlər qurmaq üçün İran “nüvə silahına malik ola bilməz”. Avqust ayında ABŞ Federal Təhqiqatlar Bürosu mətbuata İranın Trampın seçki qərargahına təşkil etdiyi iddia edilən kiberhücumla bağlı araşdırma apardığını təsdiqləyib. İranın BMT-dəki daimi nümayəndəliyi bu barədə mətbuata məlumat verərək, “Tehranın “kiberhücumlar həyata keçirmək niyyəti və ya planı olmadığını” və həmçinin İran hakimiyyətinin ABŞ prezident seçkilərinə müdaxilə etmədiyini qeyd edib. Bundan öncə D.Tramp Rusiya ilə Çin arasındakı münasibətlərlə bağlı açıqlama vermişdi. Tramp bildirmişdi ki, ABŞ Rusiya və Çinə mümkün olmayanı etməyə - birləşməyə icazə veriblər: "Bu, Obama dövründə başlayıb və sonra nə etdiyini belə bilməyən Baydenin dövründə davam edib. İndi hər iki dövlət vahid qüvvəyə çevriliblər. Onların buna yol verməsi tamamilə ağlasığmazdır".

 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ-də keçirilən seçki dünyanın diqqətindədir. Ekspertin sözlərinə görə, xüsusən vitse-prezident Kamala Harrislə sabiq Prezident Donald Tramp arasında baş tutacaq seçki böyük maraq doğurur: 

"Kimin seçiləcəyini söyləmək çətindir. Kamala Harris bir çox ştatlarla Trampı üstələyir. Yəqin ki, neytral bölgələrdəki seçicilərin sayı daha həlledici olacaq və seçkinin taleyini həll edəcək. Demokratlar çalışır və bütün rıçaqları işə salırlar ki, seçkini Respublikaçılara uduzmasınlar. Məsələ ondadır ki, Kamala Harris seçilərsə, Demokratların siyasəti, yəni Bayden siyasəti davam etdiriləcək. Ukraynaya hərbi-siyasi dəstək, NATO-nun inkişaf etdirilməsi, Qərb koalisiyasının daha da inkişafı, Rusiya və Çinə qarşı təzyiqlər davam edəcək. Donald Tramp seçilərsə, NATO müttəfiqlərinə qarşı hərəkətə keçəcək. Onlardan hərbi xərcləri artırmağı tələb edəcək. Çalışacaq ki, Rusiya ilə danışıqlar başlasın. Amma düşünmürəm ki, İranla münasibətlər normallaşsın. Çünki İsrail faktoru ortadadır və Tramp İsrailə daha isti münasibət bəsləyir. Həm də nəzərə alaq ki, ABŞ-nin oturuşmuş dövlət siyasəti, xarici siyasət kursu var".